[b]"Adımızı dəyişək? Axı FİFA-nı aldatmaq mümkün deyil” – Yaşar Seyidov[/b]
04.05.2016 - 17:41
[b]"Adımızı dəyişək? Axı FİFA-nı aldatmaq mümkün deyil” – Yaşar Seyidov[/b]

“Rəmiş Malıyevin dedikləri hüquqi cəhətdən həqiqəti tam olaraq, əks etdirir. Onsuz da, UEFA “Bakı” klubunun futbolçulara və işçilərə olan borcunu ödəməsi ilə bağlı Nizam-İntizam Komitəsində bir neçə dəfə qərar çıxarıb. İndi FİFA-nın Mübahisəli Məsələlərin Həlli Palatasında digər futbolçuların məsələsinə baxılır”. Bu sözləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun icraçı direktoru Yaşar Seyidov deyib.

 

AFFA-nın hüquqşünası Rəmiş Malıyev I divizion təmsilçisi “Bakı”nın aqibəti ilə bağlı danışarkən klubun qarşısına qoyulan tələbin yerinə yetirilmədiyini, köhnə borcların ödənilmədiyini bildirib. O, AFFA-nın qarşısında cari mövsümdə hesabından 2 dəfə xallar silinən “zolaqlılar”ın mövsüm başa çatdıqdan sonra aşağı diviziona göndərilməsi tələbi qoyulacağını ehtimal edib.

 

Məsələ ilə bağlı fikirlərini bölüşən Yaşar Seyidov “Bakı”nın həvəskarlar liqasına göndəriləcəyini istisna etməyib: “Bildiyiniz kimi, cari mövsümdə “Bakı”nın 15 xalı silinib. Qeyd etdiyim kimi, digər şikayət etmiş futbolçuların məsələsinə də baxılacaq. Bizdə I diviziondan aşağı çempionat olmadığına görə, “Bakı” klubu həvəskarlar liqasında mübarizə apara bilər”.

 

Çıxış yolu haqda danışan “Bakı” rəsmisi klubun adının dəyişdirilməsinin heç bir fayda verməyəcəyini bildirib. O, bundansa yeni klub yaratmağı təklif edib: “Bakı” klubunun adının dəyişdirilməsi məsələsinə gəlincə, hüquqi sənədlər var ki, ona əməl olunmalıdı. Axı FİFA-nı aldatmaq, klubun adını dəyişməklə nəyəsə nail olmaq mümkün deyil. Burda vəziyyətdən 1 çıxış yolu var: strukturu saxlamaq üçün yeni bir klub yaradıb, dövlət qeydiyyatından keçirmək və sıfırdan başlayan klub kimi fəaliyyətə başlamaq. Yəni burda çox ciddi məsələlər var ki, onlar həllini tapmalıdı”.

 

 

 

0