[b]Azərbaycan kanoeçisi Olimpiadaya lisenziya qazana bilmədi[/b]
18.05.2016 - 15:18
[b]Azərbaycan kanoeçisi Olimpiadaya lisenziya qazana bilmədi[/b]

Azərbaycan kanoeçisi Aleksey Kupin 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa Təsnifat Reqatasında seçmə yürüşə qatılıb. Milli Avarçəkmə Federasiyasından apasport.az saytına verilən məlumata görə, idmançımız lazımı vəzifənin öhdəsindən gələ bilməyib.

 

Belə ki, 1 nəfərlik qayıqla (C-1) 1000 metrlik finişə 4 dəqiqə 2,907 saniyəyə çatan Kupin 4-cü yeri tutub. İlk “üçlüy”ə düşən slovakiyalı Mater Rusnak (03:56.924), serbiyalı Strahinya Mladeziç (03:57.087) və ispaniyalı Dieqo Romero (03:58.522) birbaşa finala yüksəlib. Azərbaycan təmsilçisi isə geridə qoyduğu yunanıstanlı Stefanos Dimopulos (04:05.362), estoniyalı Yosep Karlson (04:12.129), eləcə də digər seçmə yürüşdə ilk "3-lüy"ə düşə bilməyən belaruslu Aleksey Maxnist (04:05.961) və latviyalı Daqnis İlyinslə (04:06.296) birgə yarımfinalda mübarizə aparıb.

 

Kupin 5 idmançının qatıldığı yürüşü də 4-cü pillədə başa vurub. Finişə 4 dəqiqə 1,562 saniyəyə tamamlayıb və yalnız estoniyalı Yosep Karlssonu (04:06.388) geridə qoya bilib. Azərbaycan təmsilçisi ilk "3-lüy"ə düşə bilmədiyindən, mübarizəni dayandırıb. Final mərhələsinə isə belaruslu Aleksey Maxnist (03:59.462), latviyalı Daqnis İlyins (03:59.817) və yunanıstanlı Stefanos Dimopulos (04:00.594) yüksəlib.

 

Bununla da Azərbaycanı Rio-2016da kayak və kanoe növündə 2 idmançının təmsil edəcəyi dəqiqləşib. Olimpiadaya ötənilki dünya çempionatında lisenziyanı təmin etmiş kayakçı İnna Osipenko-Radomska (200 metr və 500 metr) ilə kanoeçi Valentin Demyanenko (200 metr) yollanacaq.

 

Qeyd edək ki, Olimpiadaya lisenziya qazanmaq üçün final yürüşündə finişə ilk 2 yerdə çatmaq lazım idi.

0