[b]Ebah “Kəpəz”i "satmadı"[/b]
23.05.2016 - 11:53
[b]Ebah “Kəpəz”i "satmadı"[/b]

“Kəpəz”in kamerunlu hücumçusu Julien Ebahın növbəti mövsümü hansı klubda keçirəcəyinə aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, “İnter”in maraqlandığı 26 yaşlı forvard Gəncə təmsilçisində qalmağı üstün tutub.

 

“Bankirlər” nə qədər çalışsalar da, Ebahın “saqqızını oğurlaya bilməyiblər”. Aylıq 8 min dollarlıq təklifə susamayan təcrübəli futbolçu “Kəpəz”lə yeni 1 illik müqavilə bağlayıb. Bu isə o deməkdi ki, Avroliqada gəncəlilərə kömək edəcək Julien növbəti mövsümü də hazırkı komandasında keçirəcək.

 

Məlumatı əməkdaşımızla söhbətində Ebahın meneceri Vaqif Heydərli də təsdiqləyib. O, kamerunlu oyunçuya “İnter”lə yanaşı, Azərbaycanın daha 2 klubundan təklif gəldiyini bildirib: “Topaz Premyer Liqasının “İnter” də daxil olmaqla, 3 təmsilçisi Ebahla maraqlanırdı. “Kəpəz”in təklifindən də sərfəli təkliflər var idi. Lakin mənim iş prinsipimdə kimisə yarı yolda qoymaq yoxdu. “Kəpəz” ötən il həm mənə, həm də Ebaha şans verdiyi üçün biz də bunun layiqli cavabını verdik. Julien klubla yeni 1 illik müqavilə imzalamağa razılaşdı”.

 

Ebahla sözləşməni yeniləyən “Kəpəz” rəhbərliyi daha bir futbolçusunun komandada qalmasına nail olub. Belə ki, gəncəlilər litvalı qapıçı Tadas Simaitisin də sözləşmənin müddətini 1 illiyinə uzadıblar.
 

Qeyd edək ki, Topaz Premyer Liqasının başa çatan mövsümündə 28 oyunda iştirak edən Ebah 9 qola imza atıb. 36 oyunda forma geyinən Simaitis isə qapısından 39 top buraxıb.

 

 

0