[b]“Səviyyəli futbolçunu Azərbaycana dəvət etmək, onu razı salmaq çox çətindi” – Tahir Gözəl[/b]
26.05.2016 - 00:00
[b]“Səviyyəli futbolçunu Azərbaycana dəvət etmək, onu razı salmaq çox çətindi” – Tahir Gözəl[/b]

Ölkə kubokunun final matçında “Neftçi” üzərində minimalhesablı qələbə kuboku başı üzərinə qaldıran və qızıl dubla imza atan “Qarabağ”ın prezidenti Tahir Gözəl oyundan sonra apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

 

- Ardıcıl kinci ildi ki, qızıl dubl etdiniz. Fikirlərinizi bilmək maraqlı olardı...

- Maraqlı oyun oldu. “Neftçi” sona qədər qapalı oynadı, gərginliyin son anlara qədər davam etməsi bizi də həyəcanlandırdı. “Qarabağ” üçün şərəfdir ki, iki il ardıcıl bütün mükafatlara sahib olur. İnanırıq ki, Avrokuboklarda da Azərbaycanı, Qarabağı, layiqincə təmsil edə biləcəyik.

 

- Sizcə oyun niyə 120 dəqiqə çəkdi?

- Vəziyyətlər çox oldu. Mən özüm 7 real qol epizodu saydım. Ancaq “Neftçi” tamamilə qapalı çıxış edirdi. Demək olar ki, müdafiədə divar hörmüşdülər. “Neftçi” böyük və güclü komandadı, ona qalib gəlmək o qədər də asan deyil. Buna görə “Qarabağ”ı və təbii ki, mübarizəyə görə “Neftçi”ni də təbrik edirəm.

 

- Son dəqiqələr yaxınlaşdıqca penaltilər olacağını düşündünüzmü?

- Əvvəlcə “Neftçi”nin qapıçısı Aqil Məmmədovu təbrik edirəm. Bu gün möhtəşəm oyun sərgilədi. Biz də son dəqiqələrdə artıq özümüzü penaltilərə hazırlayırdıq. Ancaq vurulan əla qoldan sonra buna gərək qalmadı.

 

- Hakim idarəçiliyi ilə bağlı fikirləriniz necədir?

- Bir epizodda penaltiyə yaxın bir vəziyyət var idi, ancaq mən dəqiq görmədim, deyə bilmərəm. Yox, oyun başa çatdı, normal idi hər şey. Bəzən “Neftçi”nin oyunçuları vaxtı gecikdirmək üçün özlərini yerə atırdılar, indi həqiqətən bilmək olmur ki, onlar doğrudanmı yaralıdılar? Ancaq mən razı qaldım idarəçilikdən, şəxsi bir şikayətim yoxdur.

 

- Əvvəl bir müsahibənizdə bildirmişdiniz ki, “Neftçi” ilə “Qarabağ”ın oyunu “aslanların döyüşüdür”. Sizcə bu dəfə meydanda 11 “aslan” var idi, ya 22?

- Sözsüz ki, 22 “aslan” var idi. Baxın, bu mübarizə 120 dəqiqə çəkdi. Düzdü, rəqib bir az qapanmışdı, əks-hücum taktikası seçmişdi, ancaq mübarizə əzminə söz ola bilməzdi. Çox çətin və gərgin oyun idi bizim üçün.

 

- Çempion olduqdan sonra kuboku Ağdama aparacağınızı demişdiniz. Yəqin ki, bu mükafatı da ona əlavə edəcəksiniz. Artıq vaxt təyin etmisinizmi? Nə vaxt yola düşəcəksiniz?

- Hələ dəqiq vaxt təyin etməmişik, ancaq mütləq gedəcəyik. Bu gündən sonra dəqiq qərar veriləcək. Komanda ilə, Qurban hoca ilə danışacağıq və uyğun vaxt seçib, mütləq gedəcəyik. Bu mənim də şəxsi arzumdu, hətta mən dədemişdim ki, cəbhə xəttinə də gedək, əsgərlərimizdə də ruh yüksəkliyi yaradaq. Plan var, vaxtı da dəqiqləşəcək.

 

- Bir açıqlamanızda demişdiniz ki, “Qarabağ” super futbol oynamır, ancaq biz istəyirik ki, super oynayaq. Bunun üçün super oyunçular görə bilərikmi?

- Biz öz aramızda da danışdıq, Qurban müəllimlə də müzakirə etdik, sponsorumuz arxamızda durub, ancaq siz də bilirsiniz ki, çox üst səviyyəli futbolçunu Azərbaycana dəvət etmək, onu razı salmaq çox çətindi. Çünki yaxşı oynayan futbolçuya Avropada, Türkiyədə həmişə tələbat olur. Ancaq sponsor Qurban Qurbanov üçün “yaşıl işıq” yandırıb ki, biz arxandayıq, kimi istəyirsən, gətir. Bundan sonrası texniki məsələdir.

0