[b]24 ilin “tapmaca"ları və "tarixi" oyunun protokolu – LAYİHƏ[/b]
19.07.2016 - 11:29
[b]24 ilin “tapmaca"ları və "tarixi" oyunun protokolu – LAYİHƏ[/b]

Apasport.az saytı AFFA yanında Media Komitəsinin layihə müsabiqəsində “Azərbaycan çempionatı, kuboku, yığması və avrokuboklarda iştirak ilə bağlı bütün statistik boşluqların aradan qaldırılması” istiqamətindəki qalib olan mövzusunu davam etdirir. Sırf ölkədaxili yarışları əhatə edən 12 yazıdan əvvəlki səkkizində çempionatla bağlı mümkün olan bütün boşluqlar aradan qaldırılıb. Mövzunun 9-cu yazısında isə ölkə çempionatlarının 24 illik tarixində, xüsusilə də ilk çempionatdakı qeyri-adi qərarlar, həmçinin mübahisəyə səbəb olan və hələ də ortaq fikrə gəlinməyən suallara aydınlıq gətirməyə çalışacaq, həmin dövrün bizlər üçün qoyduğu, bir çoxlarının cavabı olmayan “tapmacalar” üzərində baş sındıracağıq.

 

Qocalmağa vadar edən “Gənclik”

 

1992-ci ildə keçirilən ilk Azərbaycan çempionatı belə məqamlarla zəngindi. İlk həlli olmayan suala “Gənclik” səbəb olub. Nəvahini təmsil edən komandanın yarışı erkən tərk etməsi AFFA-nı çıxılmaz vəziyyətdə qoyub. Nəticədə qurum elə əcaib (başqa ağlabatan variant da görünmür) qərar qəbul edib. Bu üzdən də “Gənclik” dərdi statistik və tarixçiləri mübahisələr və müzakirələrdə “qocaldıb”.

 

Məsələ ondadı ki, yarışın Əsasnaməsinə görə 26 klub iki qrupda mübarizə aparıb. Birinci mərhələdə 24 oyun keçirən komandalar final hissəsində toplanılan xalların davamı ilə 1-12 və 13-26-cı yerlər uğrunda mübarizə aparıb. A qrupunda çıxış edən nəvahililər 8 oyundan sonra mübarizəni dayandırıb. Matçların yarıdan azını keçirdiyi üçün onların nəticələri ləğv edilib. Klub isə yarışdan çıxarılmalı idi. Bu vəziyyətdə A qrupu komandaları final mərhələsinə 22, B qrupundakılar 24 matça çıxacaqdı. Tarazlıq yaratmaq üçün AFFA “Gənclik”lə oyunlara görə onun hər rəqibinə 2 qələbə verib. Bu qələbələr 3:0 deyil, 0:0 hesabı ilə nəzərə alınıb. Yəni, sadə qələbə hesabına əlavə olunan 2 oyun top fərqində nəzərə alınmayıb.

 

Mübahisə, müzakirə, fikir ayrılığı yaradan 12 komandanın əldə etdiyi 4 xal (həmin vaxt qələbəyə görə 2 xal verilirdi) deyil, “Gənclik” komandasının taleyidi. Bir sıra mənbələr bu klubu turnir cədvəlindən silib. Buna müəyyən mənada haqları da çatır. Axı komanda yalnız texniki məğlubiyyətlər alıb. Amma digərləri komandanı sonuncu pillədə oyun və məğlubiyyət sayından başqa sıfırlardan ibarət göstəricilərlə saxlayır. Bu da məntiqəuyğundu. Axı cədvəldə qələbə və məğlubiyyət sayında bərabərlik olmalıdı. Hansısa komandaya 2 qələbə verilibsə, bu başqasının məğlubiyyət sayında da əksini tapmalıdı. Birincilərin iddia etdiyi cədvəldə isə bu qanunauyğunluq pozulur. 24 il zaman keçsə də, hələ vahid cədvəllə bağlı razılıq əldə olunmayıb. Üstəlik 24 matçdan, birinci mərhələdən sonra yarışdan çıxan Kürdəmir “Şirvan”ına da son 14 matçda eyni qərar tətbiq olunmaqla, durumu daha da ağırlaşdırıb. Hər iki klubun final mərhələsindəki 14 matçı da, bunlardan ikisi onların öz aralarındadı (həmin qarşılaşmalarda 2 qələbə nədənsə “Şirvan”a verilib), qollarda nəzərə alınmayan texniki məğlubiyyətlə nəticələnib. Amma fikrimcə, ən optimal variant bu iki klubu da turnir cədvəlində saxlamaq, 24 il əvvəlki qeyri-adi qərarı dəyişməməkdi. Əks halda isə qələbələrin sayı məğlubiyyətlərdən 69 dənə artıq olacaq.

 

“Ötən əsrdən sual”

 

İlk çempionatın bizə miras qoyduğu tapmacalardan biri də Gəncədə qeydə alınıb. Cəlilabadın “Ümid” klubu ilə görüşdə 13:1 hesabı ilə qalib gələn “Kəpəz”in bu darmadağını böyük söz-söhbətə səbəb olub. 10 qol vuran Mehman Allahverdiyev Azərbaycan futbol tarixində bunu bacaran ilk və son oyunçu olub. Amma onun bunu necə reallaşdırması tarixin cavabını bilmədiyi suallardandı.

 

Bombardirlər yarışında 4-cü olan hücumçunun komanda yoldaşları ona oynayaraq, çox fərqlənməsinə şərait yaradıb. Lakin “Ümid”in də buna kömək etdiyi iddiaları ortaya çıxıb. Hətta Cəlilabad klubunun səfərə yarımheyətlə yollandığı, onların əvəzinə gəncəli futbolçuların rəqiblərinin adı ilə meydana çıxdığı iddiaları da var. Bütün bunlar Allahverdiyevin 10 qol vurub, sonda bombardir olmasına kifayət etməli idi. Lakin baş verənlər AFFA-nın gözündən yayınmayıb və qurum müvafiq qərar çıxarıb. Elə bu qərar da ən böyük “tapmaca”dı. Bəzi mənbələr qərarın nəticənin bütünlüklə ləğv edilməsi və “Kəpəz”ə +:- (3:0) hesablı qələbənin verilməsini iddia edir və təbii ki, turnir cədvəllərində də məhz bu nəticəni hesablayır. Amma rəngarəng hallara düşən 1992-ci il çempionatının turnir cədvəlində fərqli nəticə də var. İddia edilir ki, AFFA-nın həmin qərarı ilə 13:1 hesabı olduğu kimi saxlanılıb, yalnız Allahverdiyevin 10 qolu onun şəxsi hesabına yazılmayıb. Əslində, qeyri-adi və absurd qərara bənzəyir. Çünki matçdakı 14 qoldan 4-ü kiməsə nəzərə alınır, 10-u isə yox. Matçın +:- və ya 13:1 kimi tarixə düşməsi hələ də heç kimə dəqiq bəlli deyil. Əslində hər iki variantın düzgün olduğunu deyənlər buna inanır. Amma inanalar da əks tərəfin iddiaları üzündən şübhələrə qapılır. Görəsən, fərqli turnir cədvəllərinə malik yarışdakı qərar hansı olub? Mötəbər mənbələrin də ortaq fikrə gəlməməsi 24 ildən sonra kiçik araşdırma aparmağa vadar edir.

 

Düzü, bu araşdırma heç də kiçik deyil. Ölkə çempionatlarının 10000-ci qolunu (Elvin Məmmədovun 4 il əvvəl vurduğu) hesablayarkən, 4-5 nəfərin qollarını çırmayıb, bu matçın izinə düşməsi xeyli vaxtımızı almışdı. Həmin vaxt da 13:1-in saxlanılıb, Allahverdiyevin şəxsi hesabından 10 topun ləğv edilməsi fikri ilə razılaşmışdıq. Həmin 14 qol həm 10, həm 11 mininci qolun hesablanmasında nəzərə alınıb. Əgər oyun 13:1 deyil, +:- olsa, yubiley qollarının müəllifləri də dəyişmiş olacaq. Bu üzdən 24 il əvvələ qayıdıb, hadisə ilə bağlılığı olanların qərar haqda fikirlərinə nəzərə salaq.

 

Musayevin xatırlamadığı oyun

 

2012-ci ildə başlayan araşdırmalarımız zamanı dəfələrlə PFL rəsmisi Məlik Həsənovla söhbətləşmişik. AFFA yaranan gündən qurumda çalışan, hələ SSRİ vaxtı da Azərbaycan çempionatlarının təşkili ilə məşğul olan, yarışların keçirilməsində 30 ildən artıq stajı olan futbolumuzun ən aparıcı mütəxəssislərindən biri olan Həsənovdan hər dəfə eyni cavabı alırdıq. O, hər söhbətdə 13:1 hesabının saxlanıldığını, yalnız Allahverdiyevlə bağlı qərarın çıxarıldığını və 10 qolun ona sayılmadığını bildirir.

 

Hələ SSRİ dönəmindən “Kəpəz”də çalışan, klub rəsmiləri arasında ən stajlılarından sayılan Nofəl Əzizovun xatirələri də eynidi. Qərarın absurd, ədalətsiz və qeyri-adi olduğunu deyən klub rəsmisi də 13:1-in saxlanıldığını qeyd edir: “Orada heç bir quma iş yox idi. Sadəcə bütün komanda ona oynadı və 10 qol vurdu. Hesab da 13:1 olaraq saxlanıldı. Amma “Kəpəz”də yalnız 3 qolun müəllifi var. Qalan 10 qolu isə ruhlar vurmuşdu. Hər yerdə bu 10 qol da sayılıb. Yalnız AFFA-dan başqa”.

 

Təbii ki, bu fikirlərdən sonra matçla bağlı qərarın +:--lə bağlılığı olmaması barədə qənaətə gəlmək mümkündü. Düzdü, bunu iddia edən mənbələr qərarın çempionat başa çatandan yarımil sonra – dekabrda verildiyini və AFFA-nın İcraiyyə Komitəsi tərəfindən çıxarıldığını qeyd edir. Ona görə də müəyyən şübhələr daha inandırıcı görünən hesabın 13:1 kimi saxlanılmasını əminliklə söyləməyə imkan vermir. Məsələyə bir dəfəlik nöqtə qoymaq ümidi ilə AFFA-nın sabiq prezidenti Fuad Musayevlə də əlaqə saxladıq. 1992-2003-cü illərdə onsuz heç bir qərarın verilmədiyini nəzərə alıb, onun 24 il əvvəl baş verənlərə, 13:1, yoxsa +:- dilemmasına aydınlıq gətirə biləcəyinə ümidlər böyük idi. Lakin futbolumuzun bu günü haqda xeyli fikir bildirən Musayev həmin görüşü xatırlamadı.

 

"Tarixi" matçın protokolu

 

“KƏPƏZ” (Gəncə) – “ÜMİD” (Cəlilabad) – 13:1 (6:1)

KƏPƏZ: Nadir Şükürov, Füzuli Allahverdiyesv, Fazil Pərvərov, Tofiq Məmmədov, Əli Rəhimov (Zaur Məmmədov), Cavid Əhmədov, Mahmud Qurbanov, Elbrus Qasımov, Ceyhun Tanrıverdiyev, İmamyar Süleymanov (Firuz Qulami), Mehman Allahverdiyev (Emin Mustafayev).

ÜMİD: Məhəmmədli Quliyev, Oqtay Hümbətov, Elaydın Şahbazov, Ramiz Abuşov, Şahəddin Kərimov, Cavid Quliyev, Balakişi Ağakişiyev, Ruslan Qasımov, Fəxrəddin İmanov, Xəzər Abbasov, Vüqar Qurbanov.
Qollar: Mehman Allahverdiyev (10), Fazil Pərvərov (2), Firuz Qulami – Vüqar Qurbanov
Hakim: Eldar Baxşəliyev (Mingəçevir)
20 oktyabr 1992. Gəncə. Şəhər stadionu. 1000 tamaşaçı.

 

İlk çempionatın müəmmaları

 

Əslində 1992-ci ildə keçirilən çempionat “Gənclik” və 13:1-lə bağlı müəmmalarla bitmir. Nəticəsi mübahisə doğuran bir sıra digər qarşılaşmalar da var. Elə bu məqam da vahid turnir cədvəlinin olmaması ilə nəticələnir. Azərbaycanın aparıcı futbol statistikləri Elçin Rüstəmov, Abas Əzimov, PFL-in rəsmi saytı, “İdman” qəzetinin 1992-ci ildə dərc olunan saylarında, 1993-cü ildə Sankt-Peterburqda nəşr edilən və postsovet məkanı ölkələrinin də çempionatlarının yekununun əksini tapdığı kitabda cədvəllərdəki top fərqi müxtəlifliyi ilə diqqət çəkir. Aşağıdakı cədvəldə 5 sütunda qeyd etdiyimiz mənbələrdə göstərilən top fərqləri eyni ardıcıllıqla yazılıb. 2-ci variant turnir cədvəlindən daha çox balansdakı kimi, texniki nəticələrin top fərqinə salınması kimi qeyd edilib. Bu üzdən 1-ci variantın da real vurulan qollarla ifadəsi 6-ci variantda qeyd edilib. 5 mənbədən ikisi – 1-ci və 3-cü bir-birinə daha yaxındı və bu cədvəllər arasında yeganə fərq 13:1-lə bağlıdı. Sonuncular nəticəni, tanınmış statistikimiz isə +:- (3:0) əsas götürür. Digər mənbələrdə isə fərqlər daha çoxdu. Buna daha 9 oyunun nəticəsinin fərqli qəbul olunmasıdı. Belə ki, A qrupunda “Kür” – “Şirvan” Ş (3:1, 2:1), “Ümid” – “Çıraqqala” (+:-, 0:1), B qrupunda “Göyəzən” – “Şirvan” K (+:-, 2:1), “Şirvan” K – “Göyəzən” (2:1, 1:0), “Plastik” – “Şirvan” K (+:-, 1:0), final mərhələsində “Ümid” - “Kürmük” (4:0, 4:1), “Energetik” - “Plastik” (-:+, 4:1), “Energetik” -  “Daşqın” (-:+, 1:0) və “Avey” – “Xəzər” L (1:1, 0:0) matçlarının nəticəsini mənbələr fərqli göstərir. Bu matçların mötərizəsində birinci variant daha dəqiq hesabdısa, ikinci real olmayan, amma bəzi mənbələrdə əksini tapan nəticələrdi.

 

İlk milli çempionatda klubların top fərqi

klub 

1

2

3

4

5

6

Neftçi (Bakı)

104-23

104-23

104-23

104-23

104-23

104-23

Xəzər (Sumqayıt)

100-24

100-24

100-24

100-24

100-24

100-24

Turan (Tovuz)

62-24

59-24

62-24

59-24

62-24

59-24

Qarabağ (Ağdam)

77-26

65-26

77-26

74-25

76-26

74-26

Kəpəz (Gəncə)

88-28

89-29

98-29

89-29

98-20

76-28

İnşaatçı (Bakı)

52-28

52-25

52-28

52-25

52-28

52-25

Kür (Mingəçevir)

50-39

48-39

50-39

56-39

50-39

47-39

İnşaatçı (Sabirabad)

36-42

28-42

36-42

33-42

36-42

33-42

Tərəqqi (Bakı)

38-53

33-46

38-53

38-50

39-49

38-47

Kürmük (Qax)

58-83

43-78

58-83

58-83

57-82

55-80

Ümid (Cəlilabad)

47-68

46-76

48-78

47-75

48-78

44-62

Şahdağ (Qusar)

34-54

31-51

34-54

37-54

34-54

31-51

Avey (Ağstafa)

49-54

34-48

49-54

49-54

49-54

40-51

Viləş (Masallı)

54-41

51-41

54-41

54-41

54-41

51-41

Xəzər (Lənkəran)

40-44

39-43

40-44

40-44

40-44

40-44

Daşqın (Zaqatala)

49-50

30-44

49-50

50-51

48-52

46-44

Pambıqçı (Bərdə)

42-44

43-44

42-44

42-44

42-44

33-44

Azəri (Bakı)

54-50

37-44

54-50

53-49

53-49

51-44

Plastik (Salyan)

54-60

51-63

54-60

54-60

44-60

42-60

Şirvan (Şamaxı)

42-67

42-65

42-67

42-67

42-67

42-64

Avtomobilçi (Yevlax)

33-58

33-55

33-58

33-58

33-58

33-55

Çıraqqala (Siyəzən)

35-68

29-57

35-68

35-68

35-68

29-56

Göyəzən (Qazax)

37-70

21-47

37-70

37-70

37-70

22-49

Energetik (Şirvan)

28-91

30-83

28-91

28-91

28-91

25-82

Şirvan (Kürdəmir)

10-84

10-84

10-84

10-84

10-84

10-72

Gənclik (Nəvahi)

0-0

0-0

0-0

0-0

0-0

0-0

 

Sahibi bilinməyən qızıl və bir oyunun fəsadları

 

Təbii ki, ölkə çempionatları tarixində həlli olmayan məsələlər təkcə ilk yarışla bağlı deyil. Belə əbədi suallardan birini də 1996/97 mövsümü yaradıb. Qeyri-adi əsasnaməsi olan turnir klub-komanda birinciliyi xarakteri daşıdığından 19 ildi çempionun kimliyi sual doğurur. Söhbət “Neftçi”nin əsas komandasının hamıdan çox xal topladığı, lakin “Qarabağ”ın uşaq komandaları hesabına çempion olmasından gedir. Uzun illər bu mövzuda demək olar ki, hər şey yazılsa da, məsələ heç vaxt həllini tapmayacaq. Baxmayaraq ki, Çempionlar Liqasına “Neftçi”ni buraxan UEFA kimi, ölkəmizdə də bakılılar çempion elan edilib. Özünü qızıl medalların sahibi elan edən paytaxt təmsilçisinin ardından PFL də həmin mövsümün qalibi kimi “Neftçi”ni qəbul edir. Elə Ağdam klubunun indiki rəhbərliyi də mübarizədən çəkilib, həmin çempionluqdan imtina edir. Lakin 19 il öncə qızıl medalını alıb, indiyədək özündə saxlayan “Qarabağ”lı Azərbaycan çempionlarının titulunu geri almaq da mümkünsüzdü. Eyni zamanda “Neftçi”nin də hamıdan güclü olduğunu da. Bir sözlə, 19 il əvvəlki yanlış əsasnamənin qoyduğu tapmacanın həlli yoxdu və olmayacaq da.  

Üzərində çox dayanmayıb, xatırlatmaqla kifayətlənəcəyimiz daha bir problem 2001/02 mövsümü ilə bağlıdı. Məşhur “Şəfa” – “Xəzər Universiteti” matçından sonra klubların boykot qərarı ilə dayandırılan çempionatın taleyi həlledilməz qalıb. Əslində, burada turnir cədvəli və fərdi statistikalar da yarışın dayandığı günə olana qədərki göstəricilərdən ibarət olmalıdı. Bu üzdən 24 çempionatda 23 qızıl, 23 gümüş və 23 bürünc sahibini tapıb. Eyni sözləri 24 kubokdan yalnız 23-də finalçı və qalibin müəyyənləşməsi barədə də söyləmək olar. Düzdü, bəziləri qiyamçı klubların təşkil etdiyi, qanunsuz olan alternativ yarışların nəticələrini qəbul etməyə və etdirməyə çalışır. Lakin heç bir qurumun bayrağı altında keçirilməyən yarış tanına bilməz.

 

Vüqar XEYRULLAYEV

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

 

 

0