[b]Vaqif Heydərli Budaq Nəsirovun “Sportinq”ə keçidindən danışdı[/b]
25.07.2016 - 15:42
[b]Vaqif Heydərli Budaq Nəsirovun “Sportinq”ə keçidindən danışdı[/b]

“Bir neçə ölkənin klubları ilə danışıqlar gedirdi, Budaq Nəsirovu onlara təklif etmişdim. Aralarında Portuqaliya, İspaniya, Hollandiya və Belçika təmsilçiləri var idi. Dəyərləndirmə apardıq və nəticədə təkliflərin içində ən yaxşısının “Sportinq” olduğuna qərar verdik”. Bu sözləri apasport.az saytına açıqlamasında FİFA meneceri Vaqif Heydərli deyib.

 

Heydərlinin meneceri olduğu Budaq Nəsirov karyerasını Portuqaliyada davam etdirəcək. Belə ki, gənc yarımmüdafiəçi bu ölkənin məşhur “Sportinq” (Lissabon) klubu ilə 5 illik müqavilə bağlayıb.

 

Heydərlinin sözlərinə görə, Budaq Nəsirovun “Sportinq”dəki karyerası ilk növbədə, özündən asılı olacaq: “Budaq “Sportinq” klubuna götürülüb. Avropa çempionatında iştirak etmiş Joao Mario kimi futbolçular da əvvəlcə B komandasında oynayıblar, sonra A komandasına keçiblər. Məşqçidən də çox şey asılı olacaq. Budağın təqdimatında klub prezidentinin özü də iştirak etdi. Əgər əvəzedici heyətdə oynatmağı düşünsəydilər, bu qədər ciddi yanaşmazdılar. Məncə, qalanı futbolçunun özündən asılıdı”.

 

Nəsirovu heyətində görmək istəyən klublardan biri “Boavişta” olub. Lakin Portuqaliyanın digər təmsilçisi Nəsirovdan “yox” cavabı alınca, heyətinə Azərbaycan əsilli başqa oyunçu – Emin Mahmudovu qatıb. Heydərli bildirib ki, “Sportinq” variantını üstün tutmaqları maliyyə ilə bağlı olmayıb: “Boavişta” son ana qədər bizi, daha doğrusu, Budağı gözlədi. Biz onlara razılıq versəydik, Emin Mahmudovu götürməyəcəkdilər. Çünki bir mövqeyə iki futbolçu cəlb etmək fikrində deyildilər. Biz “Boavişta” variantından imtina etdik, nəticədə onlar Eminlə müqavilə bağladılar. Seçimimizdə maddi məsələ rol oynamadı. Cavan futbolçuların perspektivini nəzərə alaraq, “Sportinq”i seçdik”.

 

Qeyd edək ki, Tovuz futbol məktəbinin yetirməsi olan Budaq ötən mövsümü “Kəpəz”in heyətində keçirib. 

0