[b]“Bu, onun borcudu” – Qurban Qurbanov[/b]
22.08.2016 - 00:13
[b]“Bu, onun borcudu” – Qurban Qurbanov[/b]

“Futbolçularımı təbrik edirəm. Onlar bu gün çox istəkli idilər. Qələbəyə layiq idik. Ancaq oyunçular öz üzərlərində daha çox işləməlidilər. Azarkeşlərimizə də təşəkkür edirəm. Yol uzaq olsa da, bura gəlib bizi dəstəklədilər”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

 

Topaz Premyer Liqasının III turunun son matçında öz meydanında əzəli rəqibi “Neftçi” ilə qarşılaşan ağdamlılar 3:0 hesablı qələbə qazandılar.

 

Görüş başa çatdıqdan sonra jurnalistlərin suallarını cavablandıran mütəxəssis qələbəni belə şərh edib: “Bu görüşdə bir neçə oyunçuya istirahət vermişdik. Çünki İsveçdən yorğun dönmüşdülər. Sabahdan etibarən hazırlıqlara davam edəcəklər”.

 

- Əl Hərbini komandada saxladığınıza görə sevinmirsiz ki?

- Bir oyuna görə futbolçuya qiymət vermək olmaz. Çempionatdakı limitə görə bəzən legionerlər kənarda qalırlar. Onun bu gün fərqlənməsinə gəldikdə isə bu, onun borcudu. Ola bilsin, bəzi matçlarda bu futbolçunun oyunundan narazı qalmışam. Ümumi götürdükdə, mən oyunundan razı qalmadığım oyunçunu komandaya dəvət etmərəm.

 

- “Qarabağ”dan azarkeşlərin gözləntisi çoxdu. Bu, komandaya ziyan verir?

- Gözləntilərin olması normaldı. Siz də, azarkeşlər də bizdən daha yaxşı nəticə gözləyirsiz. “Höteborq”a qarşı səfər oyunundan sonra da demişdim. Həmin oyunda komanda yaxşı təsir bağışladı. Ancaq nəticə istədiyimiz kimi olmadı. Məğlub olub, yaxşı oyun sərgiləyiriksə, narahat olmağa dəyməz. Deməli, nəticə də gec-tez gələcək.

 

- Yeni transferin sanki artıq çəkisi var...

- Dinonun forması belədi. Ancaq tam hazır deyil. Çəkiyə gəldikdə isə 1-2 kq artıq çəkisi var. Onun adını “Höteborq”a qarşı ilk “18”-liyə daxil edəcəm. Çox həvəslidi. Öz üzərində daim çalışır. Ümid edirəm ki, tezliklə, formasını bərpa edəcək.

0