[b]“Milliyə layiq deyiləm” - “Neftçi”nin futbolçusu[/b]
22.08.2016 - 10:01
[b]“Milliyə layiq deyiləm” - “Neftçi”nin futbolçusu[/b]

Topaz Premyer Liqasının III turunda “Qarabağ”a 0:3 hesabı ilə uduzan “Neftçi”nin yarımmüdafiəçisi Fəhmin Muradbəyli qarşılaşmadan sonra jurnalistlərə müsahibəsində apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

 

- “Qarabağ”a böyük hesablı məğlubiyyəti necə şərh edərdiniz?

- Əvvəlcə belə oyuna və böyük hesablı məğlubiyyətə görə həm özüm, həm də komandam adından azarkeşlərimizdən üzr istəyirəm. Çətin oyun keçdi. Hesabın belə olması çox pis oldu. Bərbad səhvlər ucbatından qol buraxdıq. Bir sözlə, məğlubiyyətə layiq oyun göstərdik. “Qarabağ” isə gözəl çıxış etdi, onları təbrik edirəm.

 

- “Neftçi”nin futbolçuları nə vaxt məğlubiyyətə görə üzr istəməyəcək, qələbədən danışacaqlar?

- Bunun hamısı öz əlimizdədi. Belə günləri arxada qoymağa çalışacağıq. Meydana çıxıb mübarizə aparan bizik. Qələbə də bizim adımıza yazılır, məğlubiyyət də. “Qarabağ”la görüş isə ən bərbad oyunumuz idi. Mən də oyuna görə üzr istədim. Heç vaxt belə bir söz dilimə gətirməmişəm.

 

- Rəqibin ikinci heyətlə meydana çıxmasının sizə baha başa gəldiyini demək olarmı?

- Biz hər görüşə “vuruşmağa”, qələbə qazanmağa çıxırıq. Rəqibin əsas və ya ikinci heyətlə oynamasının bir fərqi yoxdu. “Qarabağ” çox güclü komandadı. Oturuşmuş heyətə, yaxşı oyunçulara malikdi.

 

- 90 dəqiqə ərzində qapıya təhlükəli zərbə vurmayan komandadan gələcəkdə nə gözləmək olar?

- Mən də onu deyirəm. Belə məğlubiyyətə layiq oyun idi. Hələ belə bərbad oyun göstərməmişdik. Ardıcıl ikinci məğlubiyyətimizi aldıq. Düzdü, “Zirə” ilə matçı pis keçirməmişdik. “Rikoşet” qolla məğlub olduq. O top bizi məğlubiyyətə apardı. Halbuki, həmin oyunda kifayət qədər qol imkanlarımız oldu.

 

- “Qarabağ”a məğlubiyyətin əsas səbəbkarı baş məşqçidi, yoxsa futbolçular?

- Uduzanda baş məşqçi və ya futbolçular yox, komanda uduzur. Yəqin ki, hardasa hamımızın səhvi var ki, məğlub olmuşuq.

 

- İnamsız çıxışınızı avrokuboklardakı uğursuzluqla bağlamaq olarmı?

- Uğursuz çıxış deyəndə, Avroliqada bəxtimiz gətirmədi. “Şkendiya” ilə qarşılaşmanın son dəqiqəsində qaçırılan şans bizi növbəti mərhələdən məhrum etdi. Bəlkə də, ordan 100 dəfə zərbə vursan, hamısı qol olar. Amma bunu artıq unutmuşuq. Gələcəyə baxmaq lazımdı.

 

- Siz U-21 millimizin üzvüsünüz. Əsas yığmanın isə təlim-məşq toplanışı yaxınlaşır. Əsas komandaya çağırılacağınızı gözləyirsinizmi?

- Həm əsas, həm dən gənclər yığmamız toplaşacaq. Çağırsalar, təbii ki, şad olaram. Hər şey baş məşqçi Robert Prosineçkidən asılıdı. Amma bugünkü oyunumla milliyə layiq deyiləm. 

0