[b]“İnsanlar sanki dəmirdən, palıddan idi” – nazir[/b]
23.08.2016 - 11:36
[b]“İnsanlar sanki dəmirdən, palıddan idi” – nazir[/b]

“Triatlonda medal gözləmək çox çətin idi. Ona görə ki, orda çıxış edən insanlar sanki dəmirdən, palıddan idi”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan gənclər və idman naziri Rioya yollanan jurnalistlərə müsahibəsində deyib.

 

O Rio-2016 uğur qazana bilmədiyimiz idman növlərinin gələcəkdə daha da inkişaf edəcəyinə inam ifadə edib: “Triatlon yeni idman növüdü. Gənc idmançılarımız böyüyür. Düşünürük ki, gələcəkdə onlardan nəticə gözləmək olar. Amma bu, çox ağır idman növüdür. Bu idman növündə bəzi Avropa, MDB ölkələrindən idmançılar yox idi. Amma 55 idmançının arasında Azərbaycan idmançısı var idi və bu bizi sevindirirdi. Son nəticə yüksək olmasa da, 39-cu yer həqiqətən də bir nəticədi. Biz triatlonda "20-lik"də yer alacağımızı gözləyirdik. Götürək elə Marina Durundanın çıxışını. Federasiyaların prezidentləri, Avropa Olimpiya Komitəsinin prezidenti yaxınlaşıb dedilər ki, Durunda çox yaxşı çıxış elədi. Bu, qızıl olmasa da, bürünc medal idi. Amma təəssüflər olsun ki, hakimlərin qərarı idmanın təmizliyinə, ədalətli yanaşmaya yox, nəyəsə əsaslanırdı. Bu da çox maraqlı faktdı. Velosiped idman növü, bizim idmançılarımızın çıxışı – yenə də deyirəm dövri idman növləri çox ağırdı. Azərbaycanın bu idman növlərində iştirakı çox vacibdi. Biz avarçəkmədə idmançılarımızın uğurlarına nə qədər sevindik. Bu, tamamilə ayrı bir dünyadı. Orda tamamilə fərqli idmançılar mübarizə aparırlar. Yarımfinallarda Azərbaycanın adı bütün azarkeşlərin qarşısında dəfələrlə səslənir və böyük idman qurğusunda qürurla oturub bunları izləyirdik. Valentin Demyanenkonun sonda qayığının faktiki 5 sm gecikməsi bizi sözsüz ki, sevindirə bilməzdi. Bu, real bir qızıl idi. Ancaq o, əldən çıxdı”.

 

Nazir güləşçimiz Mariya Stadnikin finalda son saniyələrdə uduzmasına da münasibət bildirib: “Ulduz idmançımız Mariya Stadniki xüsusi vurğulamaq istəyirəm. Burda söhbət fiziki, psixoloji, texniki məsələdən yox, bəxtdən gedir. Bəxt məsələsi çox maraqlı bir şeydi. Sözsüz ki, bəxtlə idmana yanaşmaq olmaz. Hər bir idmançı hazırlıqlı olmalıdı. Ancaq bu qızın bəxti niyə gətirmir, bu, hamımızı təəccübləndirir”.

0