[b]“Qarabağ” çox çalışmalıdı” - “Höteborq”un kapitanı [/b]
24.08.2016 - 13:28
[b]“Qarabağ” çox çalışmalıdı” - “Höteborq”un kapitanı [/b]

Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ın qonağı olacaq “Höteborq” bu gün ölkəmizə gəlir. Apasport.az saytının məlumatına görə, səfər öncəsi İsveç klubunun kapitanı Mattias Byarsmir yerli mətbuata müsahibə verib. Təcrübəli mərkəz müdafiəçisi evdə qazandıqları 1:0 hesablı qələbəni Bakıda da qorumaq niyyətində olduqlarını bildirib.

 

- “Qarabağ”la oyuna komandanı tam hazır saymaq olarmı?

- “Qarabağ”la cavab görüşünü səbirsizliklə gözləyirik. Biz evdəki matçda böyük çətinlik bahasına başa gəlsə də, qələbə qazanmağı bacardıq və bunu yaxşı nəticə sayırıq. Artıq həmin görüşü unutmaq istəyirik. İndi cəmi 90 dəqiqəmiz qalır. Bunun bizim üçün xüsusi oyun olduğunu yəqin ki, başa düşürsünüz.

 

- Qrup mərhələsinə vəsiqə əldə etsəniz, maddi baxımdan da çox şey qazanarsınız. Çünki qrupa düşmək, orda oyunlar keçirmək büdcəyə qazanc gətirir...

- Bizi bu yox, yalnız oyunun nəticəsi maraqlandırır. Meydana da bu düşüncə ilə çıxacağıq. Əlbəttə, idmanda maddi durumun önəmini çox gözəl dərk edirəm. Ancaq biz futbolçular iqtisadi vəziyyətin oyunumuza təsir etməsinə imkan verməməliyik. Belə şeylərə nəzarət edə bilmərik. Bizim işimiz meydana çıxıb, qələbə qazanmaqdı. Qrup mərhələsində iştirak etmək olduqca əyləncəli olar. Bununla böyük klubların bizimlə oyun üçün İsveçə səfər etməsinə nail ola bilərik.

 

- Növbəti mərhələ şansınızı necə dəyərləndirirsiniz?

- Bakıda bizə çox çətin olacaq. Çünki orda onlarla hesablaşmalı olacağıq. “Qarabağ” böyük qüvvə ilə hücuma atılan komandadı. Üstəlik, fərdi keyfiyyəti yüksək olan, oyunun taleyinə təsir etməyi bacaran futbolçuları var. Ancaq biz də güclü müdafiə olunan komandayıq. Onlar müdafiə xəttimizi yarmaq üçün çox çalışmalı olacaqlar. Təbii ki, təkcə müdafiə olunmaq fikrimiz yoxdu. Sürətli hücumlarla rəqib qapısında da qol axtarışında olacağıq. Fikrimcə, biz bunu bacara bilərik. Bakıya sərfəli nəticə dalınca yollanırıq. Evdəki uğurlu çıxışın davamını gətirmək istəyirik.

 

- Qrup mərhələsinə vəsiqə qazansanız, bu, sizin karyeranızda neçənci yerdə olacaq?

- Bunu 2007-ci ildə qazandığım İsveç çempionluğundan sonra ikinci böyük nəticə sayaram. Amma həmin nailiyyətdən artıq çox vaxt keçib. Mən bu anı yaşamaq istəyirəm və qrupa düşərək, karyeramda yeni səhifə açmaq arzusundayam. Həmçinin çempionatda da bu mövsüm çempionluğu hədəfləyirəm. Düzdü, çox xal itirmişik və liderdən bir qədər geri düşmüşük. Amma ümidimi üzməmişəm.

 

0