[b]Əvvəl 50, sonra 75[/b]
24.08.2016 - 13:31
[b]Əvvəl 50, sonra 75[/b]

Sabah Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, baş tutacaq qarşılaşmalarda qrup mərhələsinə son 22 vəsiqənin sahibi bəlli olacaq.

 

Azərbaycanın iki təmsilçisi də yarışın əsas mərhələsinə çıxmaq uğrunda mübarizə aparacaq. “Qarabağ” evdə, “Qəbələ” səfərdə azarkeşlərini sevindirməyə çalışacaq. Ötən mövsümdə də qrupda çıxış edən cütlük uğurunu təkrarlamağa cəhd edəcək.

 

Meydana daha tez çıxacaq “Qarabağ” ardıcıl 3-cü dəfə bu uğura imza atmağa iddialıdı. Son iki mövsümdəki kimi yenə Çempionlar Liqasının III təsnifat mərhələsində uduzub, Avropa Liqasına yuvarlanan əyalət klubunun pley-offdakı rəqibi İsveç “Höteborq”du.

 

Tarixi uğurlarla zəngin olmasına baxmayaraq, skandinaviyalılar son illərdəki nəticələri ilə fərqlənmir. Azərbaycan komandalarının isveçlilərlə görüşlərdəki nəticələri də ağdamlıları duelin favroritinə çevirir. Lakin Qurban Qurbanovun yetirmələri Bakıda müdafiəyə qapanacaq şimallıların arxa xəttini yarmalıdı. Öz meydanında minimal hesablı qələbə qazanan “Höteborq”un üstünlüyünü qorumağa çalışacağı isə heç kimə sirr deyil. Bu üzdən də qonaqlar daha çox əks-hücumlara ümid edəcək. “Qarabağ” qələbə qazansa, Avropa Liqasında özünün 20-ci, Azərbaycan klublarının isə 50-ci qalibiyyətinin müəllifi olacaq.

 

Səfərdə oynamasına baxmayaraq, “Qəbələ”nin qrupa adlaması daha asan görünür. Bakıda 3:1 hesablı qələbə qazanan Roman Qriqorçukun yetirmələri Sloveniyada “Maribor”un qonağı olacaq. Cari mövsüm keçirdiyi bütün avrokubok matçlarında qol sevinci yaşayan “qırmızı-qaralar”ın məhsuldarlığını səfərdə də davam etdirəcəyi gözləniləndi. Çünki hücum futbolu ilə diqqət çəkən təmsilçimiz həm ev, həm səfər matçlarında oyun üslubundan əl çəkmir. Bakıdakı kimi rəqibə oyununu diqtə edəcəyi halda, “Qəbələ” yenidən qrupda mübarizə aparmaq hüququ qazanacaq.

 

“Maribor” Azərbaycan klubunu dayandırmaq üçün ən azı 2 qol vurmalıdı. “Qəbələ”nin ardıcıl iki mövsümdə keçirdiyi təsnifat mərhələlərində heç vaxt 2 top fərqilə uduzmadığını nəzərə alsaq, balkanlıların şansları çox aşağıdı. “Qırmızı-qaralar” üstünlüyünü qorusa, ardıcıl iki dəfə 4 mərhələ adlamaqla da tarixə düşəcək. Hər mövsümdə yalnız bir neçə komandanın I təsnifat mərhələsindən qrupa qədər irəliləməsi, eyni komandanın bunu iki dəfə reallaşdırmasının daha çətin olduğunu göstərir. “Qəbələ” isə belə nailiyyətə imza atmağın bir addımlığındadı.

 

Qeyd edək ki, günün ilk qələbəsi Avropa Liqasında 50-ci olacaqsa, hər iki təmsilçimiz qalib gəlsə avrokuboklar tarixində 75-ci belə uğur rəsmiləşəcək.

 

Avropa Liqası

Pley-off, cavab oyunları

25 avqust

20:30. “Qarabağ” – “Höteborq” (İsveç)

Baş hakim: Vladislav Bezborodov

Baş hakimin köməkçiləri: Valeri Dançenko, Maksim Qavrilin

Dördüncü hakim: Kirill Levnikov (hamısı Rusiya)

Hakim-isnpektor: Mixael Tomas Ross (Şimali İrlandiya)

UEFA nümayəndəsi: Conni Vanspaun (Belçika)

Bakı. T. Bəhramov adına Respublika stadionu

 

22:15. “Maribor” (Sloveniya) – “Qəbələ”

Baş hakim: Viktor Kaşşai

Baş hakimin köməkçiləri: Qyorgi Rinq, Vençel Tot

Dördüncü hakim: Tamaş Boqnar (hamısı Macarıstan)
Hakim-isnpektor: İqor İşenko (Ukrayna)
UEFA nümayəndəsi: Kris Bonet (Malta)

Maribor. “Lyusdki Vrt” srtadionu

 

0