[b]Anar Allahverdiyev: Komandamız çempionluğa layiqdi[/b]
01.09.2016 - 18:27
[b]Anar Allahverdiyev: Komandamız çempionluğa layiqdi[/b]

“Azərbaycanı təşkilatı baxımdan Olimpiadaya tam hazır hesab etmək olar. Biz öncədən də bilirdik ki, ölkəmizdə keçiriləcək bu şahmat bayramı ən yüksək səviyyədə təşkil ediləcək. Necə deyərlər, bu proyekt reallaşdıqca Əməliyyat Komitəsi, onun üzvləri çox böyük bir işi həyata keçiriblər. Bugünkü günə olan məlumata əsasən, paytaxtımıza gələn qonaqlar hansısa problemlə qarşılaşmayıb”. Bu fikirləri APA TV-nin “APAsport” layihəsinin qonağı, şahmat üzrə Azərbaycanın əməkdar məşqçisi Anar Allahverdiyev deyib.

 

Son illər idman mərkəzinə çevrilən Azərbaycan daha bir möhtəşəm yarışa ev sahibliyi etməyə hazırlaşır. Paytaxtımız bu dəfə Ümumdünya Şahmat Olimpiadasını qəbul edəcək. Yarışa nə az, nə çox - 176 ölkə qatılacaq. Azərbaycan da daxil olmaqla Olimpiadada 180 kişi, 141 qadın komandası mübarizə aparacaq.

 

Turnirə son hazırlıqları və yığmalarımızın şanslarını şərh edən mütəxəssis bildirib ki, sentyabrın 1-14-də baş tutacaq yarışa Azərbaycan çox yüksək səviyyədə hazırlaşıb.

 

Moskva və Elistada keçirilən Olimpiadalarda millimizin heyətində yer alan A. Allahverdiyev Bakı-2016-nın digər yarışlardan nə ilə fərqlənəcəyinə də aydınlıq gətirib:

 

“Yarışın “Kristal Zal”da keçirilməsi çox möhtəşəmdir. Orada bütün komandalar hamısı eyni zalda rahat yerləşəcək. Media üçün ayrı yer nəzərdə tutulub. Oyunlar Azərbaycan, rus və ingilis dillərində şərh olunacaq. Həmçinin bir şərhçi digərinə maneçilik törətməyəcək. Bununla yanaşı, antiçitinq problemi də Bakı Olimpiadasında nəzərə alınıb. Son illər elektron cihazların, kompüterlərin sürətlə müasirləşməsi şahmatçılar üçün əlavə imkanlar yaradır və bəzən oyunçular bu amillərdən istifadə edirlər. “Fair Play” çərçivəsində işlər aparılır. Bakıda da məhz Antiçitinq Komitəsi yaradılıb, müəyyən yeniliklər edilib. Məsələn, indi saatla, qələmlə, mobil telefonla oyun zalına daxil olmaq qəti qadağandır. Əvvəllər bu qadağa yalnız mobil telefona aid idi. Amma son zamanlar texnologiyalar irəlilədikcə, saatın, qələmin içərində də məlumat daşıyıcı olan cihaz keçirmək olar. Buna görə də hər şey nəzərə alınıb”.

 

Bakı Olimpiadasında 176 ölkənin təxminən 2000 şahmatçısı iştirak edəcək. Bu da öz növbəsində yeni rekorddur. A. Allahverdiyevin sözlərinə görə, digər qonaqları da nəzərə alsaq, komandalarla birgə ölkəmizə gələcək nümayəndə heyətlərinin ümumi sayı 3000 nəfərə bərabər olacaq.

 

Azərbaycan tarixində ilk dəfə Olimpiadada həm kişilərin, həm də qadınların yarışında 3 komanda ilə təmsil olunacaq. Təlim-məşq toplanışlarının da yüksək səviyyədə keçdiyini vurğulayan əməkdar məşqçi yığmalarımızdan hansı nəticələri gözlədiyini də açıqlayıb. Üçüncü komandalarımızın əsasən 16 yaşadək uşaqlardan təşkil olunduğunu deyən çalışdırıcı burada məqsədin gələcəyin yığmasını indidən formalaşdırmaq olduğunu söyləyib.

 

Qadınlardan ibarət I və II komandalarımıza təlim-məşq toplanışında məşqçilik edən mütəxəssis yığmalarınızın şanslarını belə dəyərləndirib: “Kişilərdən ibarət yığmamıza qadın komandalarımızla müqayisədə böyük ümid bəslənilməsinə gəlincə, onlar 2 dəfə Avropa çempionu olublar. Amma qadın yığmalarımızın da nəticələri var. Hazırda Olimpiadaya qatılacaq I komandamız orta reytinqə görə 12-ci yerdədir və ümid edirik ki, ilk “6-lığa” düşə bilərlər. İkinci yığmamız da güclüdür. 27-ci mövqedə olsalar da, çox iddialı və gənc şahmatçılardır. Onlar sürpriz nəticəyə imza ata bilərlər. III komandamıza konkret yer hədəflənmir. Kişilərdən ibarət I yığmamız çox güclü şahmatçılardan qurulub, reytinqinə görə 4-cü yerdədir. Əlbəttə ki, Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov barədə çox danışmağa ehtiyac duyulmur. Bütün şahmatsevərlər onların gücünü yaxşı bilirlər. Arkadi Naydiç legionerdir, artıq 2 ildir komandamızda oynayır. Hər dəfə də yaxşı oyun göstərib. Peşəkardır, özünə qarşı tələbkardır. Qələbə qazanmaq üçün bütün imkanlarından istifadə edir. Eltac Səfərli və Rauf Məmmədova qaldıqda, onlar da hazırda yaxşı formadadırlar. Onları da hər birimiz tanıyırıq. Oynadıqları lövhələrdə əllərindən gələni edəcəklərinə şübhə etmirik. Əlbəttə onları birinci pillədə görmək istəyirik. Buna əsaslarımız da var. Son Olimpiadada 2-5-ci (əlavə göstəriciyə görə 5-ci yer - red) yerləri bölüşmüşük. Yəni bu komandamız çempionluğa layiqdi. İkinci komandamız da təcrübəli qrossmeysterlərdən ibarətdir. Onların da hədəfi ilk “onluq”dur. Orta əmsallarına görə 3-cü “onluq”da olduqlarından, bu yer onlar üçün uğur hesab ediləcək. Kişilərdə də III komanda gələcək üçün qurulur”. 

 

A. Allahverdiyev bu idman növündə doğma divarların şahmatçılara ciddi köməyinin olmadığını da vurğulayıb. O, həmçinin digər yığmaların şanslarını dəyərləndirib və Olimpiadanın Azərbaycanda keçirilməsinin ölkədə bu növün inkişafına təkan verəcəyini qeyd edib: “Komandamız birinci dəfə Avropa çempionu olanda Azərbaycan prezidenti öz çıxışında dedi ki, biz qitədə ən zəkalı millət olduğumuzu sübut etdik. Əlbəttə, bu amillər hamısı şahmatın inkişafına dövlətimiz tərəfindən qayğının nəticəsidir. Əhali də bunu hiss edərək, bu idman növünə daha çox üz tutur”.

0