[b]Mükafatçıları bəlli çempionat başlayır[/b]
07.11.2016 - 18:20
[b]Mükafatçıları bəlli çempionat başlayır[/b]

Sabah qadın voleybolçular arasında Azərbaycan Super Liqasında yaranan fasilə başa çatacaq. Apasport.az saytının məlumatına görə, 212 gündən sonra yeni mövsümə start veriləcək.

 

Son 8 ildə çempionatın kifayət qədər gərgin keçdiyini nəzərə alsaq, bu il hansısa ciddi rəqabətdən söhbət getməyəcək. Çünki klubların büdcələri dəfələrlə azaldılıb ki, bu səbəbdən də heyətlər zəifləyib, təcrübəli mütəxəssislər və ulduz voleybolçular ölkəmizi tərk ediblər. Bu azmış kimi, çempionatda oynayacaq komandaların sayı da azalıb. Artıq 6-dan da 5-ə endirilib. Onun biri – “Tbilisi” isə çempionatımıza müsabiqədən kənar qatılır.

 

“Yeniliklər”lə yanaşı, “ənənələr” də pozulmayıb. “Lokomotiv” “qəbiristanlığa” göndərilib, “Gənclik”in adı dəyişdirilib, “Lokomotiv” olub. Belə hallar isə Azərbaycan voleybolunda hər il təkrarlanır. Hətta bu “dəyişikliklər”ə görə bir müddət öncə Avropa Voleybol Konfederasiyası da klublarımızı tanımaqda aciz qalmışdı. Onlar “Azərreyl”in uğurlarını “Azəryol”un adına yazırdılar.

 

Yeganə üstünlük yerli voleybolçularla bağlı tətbiq ediləcək limitdi. Yeni mövsümdə hər komandada meydana ən azı 3 azərbaycanlı oyunçu çıxmalıdı. Həmçinin, ehtiyatda da ən azı 1 azərbaycanlı olmalıdı. Bununla, 2 il öncə ilk dəfə tətbiq olunan – 2+1 yerli limiti qüvvədən düşüb.

 

Super Liqada mübarizəyə gəlincə, bu, 2 klub – son çempion “Azərreyl” və “Telekom” arasında gedəcək. Düzdür, artıq “dəmirolçular”ın da əvvəlki nüfuzu qalmayıb. Uzun fasilədən sonra çempionata yerli məşqçi ilə başlayacaq “Azərreyl” ötən ilki uğuru  təkrarlayarsa, bu da “Azəryol”dan transfer etdiyi millimizin üzvlərinin sayəsində olacaq. Əvvəllər əcnəbi voleybolçulara 100 minlərlə manat xərcləyən Bakı təmsilçisi bu dəfə yerlilərdən də ucuz oyunçular gətirməklə kifayətlənib.

 

“Telekom” da ötən ilki ilə müqayisədə çox güclənməyib. Lakin onlar heyətlərinin əsasını və baş məşqçilərini qoruduqlarından bu il iddalıdılar. Təbii ki, iddialarına çatmaq üçün ciddi maneələri yoxdu. Onlar ən yaxşı halda final mərhələsində nəsə rəqabətlə üzləşə bilərlər. Bunun da yalnız set baxımından yaşanması mümkündü.

 

Son mövsümü 4-cü yerdə bitirən “Azəryol”un varlığı ilə yoxluğu hiss edilməyəcək. Çünki cəmi 1 əcnəbi ilə müqavilə bağlayan Bakı təmsilçisi təcrübəli oyunçularını əldən buraxıb. Əsasən gənclərə və çimərlik voleybolçularına güvənəcək “yolçəkənlər” rəqiblərinin yoxluğunda “bürünc” üçün döyüşəcəklər. Uzun müddətdən sonra avrokubokdan çəkilmək də onlara bu işdə kömək olacaq.

 

Ötən il “Gənclik” adı altında oynayan, bu il “Lokomotiv” adlanacaq komandanın da adını indidən “Dördlər finalı”na yazmaq mümkündü. Çünki onlar olmasa, ötən il Super Liqada çıxış edən və bu il də təcrübə toplamağa Bakıya gələcək Gürcüstanın “Tbilisi” klubu çempionatımızın nüfuzunu aşağı salacaq. Onların hətta Super Liqaya nə vaxt gələcəyi də məlum deyil. Həm də gənclər yığmamızın əsasını təşkil edəcək “Lokomotiv” ötən il olduğu kimi yenə də ən azı qonaqları qabaqlamalıdı ki, sabah da Azərbaycanda bu idman növü olsun.

 

Mövsüm kimi, I tur da hansısa mübarizə vəd etmir. Çünki ilk turda “Telekom”un “Azəryol”u, “Azərreyl”in isə “Lokomotiv”i məğlub edəcəyi gözləniləndi. Hər halda, sensasiya da istisna deyil. Buna liderlərin rəqiblərinə ciddi yanaşmaması səbəb ola bilər.

 

Qeyd edək ki, reqlamentdə dəyişiklik edilməyib. Yenə 4 dövrənin yekununa əsasən ilk “dördlük” yarımfinala vəsiqə qazanacaq. Ardınca isə final mərhələsi olacaq.

 

2016/2017 mövsümü

I dövrə

I tur

8 noyabr

16:00. “Telekom” – “Azəryol”

“Azərreyl” Voleybol Mərkəzi

 

18:30. “Azərreyl” – “Lokomotiv”

“Azərreyl” Voleybol Mərkəzi

 

II tur

12 noyabr

16:00. “Lokomotiv” – “Azəryol”

“Azərreyl” Voleybol Mərkəzi

 

18:00. “Azərreyl” – “Telekom”

“Azərreyl” Voleybol Mərkəzi

 

III tur

16 noyabr

17:00. “Telekom” – “Lokomotiv”

“Gənclik” Olimpiya Kompleksi

 

17:00. “Azəryol” - “Azərreyl”

“Azərreyl” Voleybol Mərkəzi

0