[b]Azərbaycan və Gürcüstanda keçiriləcək Avropa çempionatının tarixi dəqiqləşdi[/b]
11.11.2016 - 10:48
[b]Azərbaycan və Gürcüstanda keçiriləcək Avropa çempionatının tarixi dəqiqləşdi[/b]

Azərbaycan və Gürcüstanın birgə təşkil edəcəyi qadın voleybolçular arasında AÇ-2017-in keçiriləcəyi tarix dəqiqləşib. Apasport.az Avropa Voleybol Konfederasiyasının rəsmi saytına istinadən xəbər verir ki, yarış sentyabrın 20-də start götürəcək.

 

12 gün davam edəcək çempionatın qalibinin adına isə oktyabrın 1-də aydınlıq gələcək.

 

Qeyd edək ki, noyabrın 24-də Heydər Əliyev Mərkəzində turnirin püşkü atılacaq. Tədbirdə bir sıra federasiya rəsmilərinin də iştirakı gözlənilir. Mərasimdən sonra isə mətbuat konfransı olacaq.

 

Avro-2017-də Gürcüstanda cəmi 1 qrupun oyunları və 1/4 final matçları baş tutacaq. Digər 3 qrup - biri Göygöldə, ikisi Bakıda olmaqla, Azərbaycanda mübarizə aparacaq. Çempionatın həlledici qarşılaşmaları – yarımfinal və final oyunları da paytaxtımızda gerçəkləşəcək.

 

Yarışa 16 komanda qatılacaq. Bunlar ev sahibləri Azərbaycan və Gürcüstanla yanaşı, Avro-2015-in mükafatçıları – Rusiya, Hollandiya və Serbiya, həmçinin ilk “beşlik”də qərarlaşan Türkiyə və Almaniya yığmalarıdı. II seçmə mərhələdə onlara İtaliya, Belçika, Polşa, Xorvatiya, Bolqarıstan və Belarus, pley-offda isə Çexiya, Ukrayna və Macarıstan da qoşulub.

0