[b]Boksçularımız mundialda rəqiblərini tanıdılar[/b]
17.11.2016 - 10:05
[b]Boksçularımız mundialda rəqiblərini tanıdılar[/b]

Bu gün Sankt-Peterburqda gənc boksçular arasında dünya birinciliyinə start veriləcək. Apasport.az saytının məlumatına görə, 70-dən çox ölkənin qatılacağı yarışda Azərbaycan da təmsil olunacaq.

 

Yığmamız Rusiyada 11 çəki dərəcəsindən 10-da medala iddia edəcək. Yalnız 49 kq-da idmançımız olmayacaq.

 

Artıq boksçularımız rəqiblərini də tanıyıblar. Onlardan ikisi bu gün rinqə çıxacaq. Həmyerlimizdən Ramazan Abdullayev (56 kq) Yordan Kamaço (İspaniya) ilə, Məhəmməd Abdullayev (+91 kq) Marek Korolkovla (Litva) üz-üzə gələcək.

 

Noyabrın 18-də “Sibur Arena”da daha 3 təmsilçimiz gücünü yoxlayacaq. Ruslan Rüstəmov (52 kq) Sebastian Arbuzu (Rumıniya), Bəxtiyar Qazabəyov (64) Bəhruz Rəhmanovu (Özbəkistan) və Elxan Əliyev (81 kq) Reyal Purini (Hindistan) sınağa çəkəcək.

 

Digər 3 idmançımızın mundialda debütü noyabrın 20-nə təsadüf edəcək. Onlardan Sərxan Əliyev (60 kq) Andru Solarte (Venesuela) ilə döyüşəcəyi halda, Pərviz Quliyev (69 kq) Bryan Polaso (Peru) - Xianq Qian (Çin), Rasim Çobanlı (75 kq) Yahor Skamorox (Belarus) - Sahruxbek Rüstəmov (Özbəkistan) cütünün qalibi ilə qarşılaşacaq.

 

Noyabrın 21-də isə Elbrus Əkbərov (91 kq) Kristian Pero (Kuba) - Nokolos Beqadze (Gürcüstan) duelinin güclüsü ilə mübarizə aparacaq.

 

Qeyd edək ki, 402 boksçunun qatıldığı yarış noyabrın 26-da başa çatacaq.

0