[b]“Bizdə hər şey alınacaq” – MÜSAHİBƏ[/b]
30.01.2017 - 12:31
[b]“Bizdə hər şey alınacaq” – MÜSAHİBƏ[/b]

“Telekom”un voleybolçusu Anastasiya Baydyukun apasport.az saytına müsahibəsi

 

- Bu gün Azərbaycan Super Liqasında növbəti oyununuzu keçirəcəksiz. Gürcüstan millisi ilə baş tutacaq qarşılaşma haqda nə deyə bilərsiz?

- Biz bütün oyunlara eyni dərəcədə köklənirik. Əlbəttə ki, bu gün də 3 xal qazanmağa ümid edirik. Çünki bizim üçün hər xal dəyərlidi. Çalışacağıq ki, bacarığımızı meydanda qoyaq və mümkün qədər yaxşı oynayaq.

 

- Hesab etmirsiz ki, Gürcüstan kimi zəif komandanın çempionatda çıxışı sizin kimi güclü klublarda müəyyən mənada arxayınçılıq yaradır və onların inkişafına mane olur?

- Bu barədə heç nə düşünmürəm. Çünki bu mənim səlahiyyətimdə deyil. Əlbəttə, başqa ölkələrlə müqayisədə Azərbaycanda klubların sayı azdı. Bizim qarşımızda məşq etmək və yaxşı oyun göstərmək vəzifəsi durur. Biz də çalışırıq ki, bunu maksimal dərəcədə yaxşı səviyyədə yerinə yetirək.

 

- Azərbaycan çempionatının liderisiz. İlk çempionluq yolunda kimi əsas rəqib hesab edirsiz?

- “Azərreyl”i.

 

- Cari mövsümdə hələ məğlub olmamısız. “Dəmiryolçular”la III dövrənin görüşündə uğurlu seriyanızı davam etdirə biləcəksizmi?

- Öncədən nəsə demək istəməzdim. “Telekom”un hər qarşılaşmada daha yaxşı nəticə ilə qalib gəlməsini arzulayıram. İstənilən halda, biz meydana çıxıb sonadək mübarizə aparacağıq.

 

- Fevralın 3-də məhz bu komanda ilə qarşılaşacaqsız. Hesab etmirsiz ki, son çempionla həmin matç böyük ölçüdə qızıl medalların taleyinə aydınlıq gətirə bilər?

- Həqiqətən də belədi. Bu görüş bizim üçün həqiqətən də əhəmiyyətlidi. Ümid edirəm ki, bizdə hər şey alınacaq və bu dəfə də qalib gələcəyik.

 

- Əsas rəqibinizin “Azərreyl” olduğunu dediz. Bəs digər komandaların sizi büdrətməsindən çəkinmirsiz?

- Əlbəttə, onlar bunu edə bilər. Bu, qadın voleyboludu və hər şey baş verə bilər. Amma biz də bunun gerçəkləşdirilməməsi – xal itirməmək üçün bütün gücümüzü səfərbər edəcəyik.

 

- Super Liqadakı inamlı oyunu beynəlxalq arenada nümayiş etdirə bilmirsiz. Çempionlar Liqasında 3 matç keçirən komanda hələ xal qazanmayıb. Bunun üçün nə çatmır?

- Bu haqda nəsə söyləmək çox çətindi. Hesab edirəm ki, biz çox yaxşı komandalarla bir qrupa düşmüşdük. Klubumuzun oyunlarının nəticələrinə baxmayaraq, biz yaxşı oyun nümayiş etdirdik. Son topa qədər mübarizə apardıq. Hələ irəlidə ikinci dövrə var.

 

- Son 3 oyundan nə gözləmək olar?

- Çalışacağıq ki, özümüzü daha yaxşı tərəfdən göstərək. Buna uyğun şəkildə də məzmunlu və gözəl oyuna şahid olasız.

 

0