[b]“Orda məndən tam fərqli oyun tələb olunur” - Dmitri Nazarov[/b]
23.02.2017 - 10:48
[b]“Orda məndən tam fərqli oyun tələb olunur” - Dmitri Nazarov[/b]

“II Bundesliqada komandamın qazandığı penaltiləri mən yerinə yetirirəm və hamısını qola çevirirəm. Əgər özümə əmin olmasam, topu mənə verməzlər. Uşaqlar bunu bildikləri üçün penalti vurmaqla bağlı hansısa müzakirə olmur”. Apasport.az saytının məlumatına görə, bunu “Aue”nin formasını geyinən Azərbaycan millisinin futbolçusu Dmitri Nazarov deyib.

 

II Bundesliqanın XXI turunda Braunşveyq “Ayntraxt”ı ilə səfərdə qollu bərabərə qalan (1:1) “Aue”yə 1 xalı qazandıran qola penaltidən məhz Nazarov imza atıb.

 

Turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan komandanı həftəsonu növbəti tur çərçivəsində “Dinamo Drezden”lə oyun gözləyir. Yığmamızın üzvü Almaniya mətbuatına açıqlamasında fevralın 26-da baş tutacaq matça hazır olduqlarını bildirib. O, eyni zamanda ilk dəqiqələrdən meydanda olmaq arzusunu da gizlətməyib: “Komandada “coker” rolunu oynamıram. Əlbəttə ki, 10 dəqiqə və ya bir hissə meydanda olmaq məni qane etmir. Matçın ilk dəqiqəsindən etibarən komandama kömək etmək istəyirəm. Təbii ki, bütün futbolçular bunu hədəfləyirlər. “Dinamo Drezden”i evdə qəbul edəcəyik və bizi super atmosfer gözləyir. Bu üzdən ev oyunlarını yüksək səviyyədə keçirməliyik. Bu, bizim üçün xüsusi oyun olacaq. Hər kəs “Dinamo Drezden” barədə düşünür. Hədəfimiz öz meydanımızda 3 xal qazanmaqdı”.

 

Nazarov həm klubunda həm də millidə müxtəlif mövqelərdə oynamasından məmnun görünmür. O, yarımmüdafiənin mərkəzində daha yaxşı çıxış etdiyini düşünür: “Mənim ən güclü oynadığım mövqe yarımmüdafiənin mərkəzidi. Orda özümü rahat hiss edirəm. Amma cinahda olduğum zaman məndən tam fərqli oyun tələb olunur. Topla az təmin olunursan ki, bu da mənim xoşuma gəlmir. Üstəlik, cinahlar sürətli oyun üzərində qurulur. Bu isə mənlik deyil. Mərkəzdə olduğum zaman komandama daha çox xeyir verə bilirəm. Orda nə etməli olduğumu yaxşı bilirəm”.

0