[b]“İstəyimiz, emosiyalarımız köməyimizə gəldi” - Ayşən Abduləzimova[/b]
11.03.2017 - 16:28
[b]“İstəyimiz, emosiyalarımız köməyimizə gəldi” - Ayşən Abduləzimova[/b]

“Oyuna yalnız qələbə üçün çıxımışdıq. Matçı ən azı 3:1 hesabı ilə aktivimizə yazmağı planlaşdırırdıq”. Bunu apasport.az saytına “Azərreyl”in voleybolçusu Ayşən Abduləzimova deyib.

 

Azərbaycan millisinin də şərəfini qoruyan blokçu Super Liqada “Telekom”la oyunu şərh edib. O bildirib ki, 0:2 hesabı ilə geridə olmalarına baxmayaraq, qələbə qazanmalarında komandanın bütün gününü ortaya qoyması rol oynayıb: “Telekom”a əvvəlki 3 matçda uduzmuşduq. Özü də biz hesabda irəlidə ola-ola sonda rəqib sevinmişdi. Bu səbəbdən də “Telekom”la görüşə lap çoxdan hazırlaşırdıq. Demək olar ki, Çempionlar Liqasının son turunda Polşadan qayıdandan. Görüşdə qalib gəlməyi çox istəyirdik. İstəyimiz, emosiyalarımız da qələbədə köməyimizə gəldi. İlk 2 hissədə məğlubiyyətdə isə bir qədər rahat oynamağımız öz sözünü dedi. Bundan sonra sanki hər şey yenidən başladı və “Telekom”dan üstün olduq”.

 

Artıq formada olduğunu deyən Abduləzimova qarşıdakı matçlarda da yalnız qələbə haqda fikirləşdiyini deyib. Onun sözlərinə görə, belə gərgin rəqabət yığmamızı qarşıda gözləyən yarışlar üçün çox faydalıdı: “Bizi İslam Həmrəyliyi Oyunları, dünya çempionatının seçmə və Avropa çempionatının final mərhələləri gözləyir. Fikrimcə, çempionatda baş tutan gərgin oyunlar bu turnirdə daha da yaxşı çıxışımıza yol açacaq”. 

0