[b]“Sona yaxınlaşdıqca daha da çətin olacaq” – Zaur Svanadze[/b]
30.03.2017 - 19:38
[b]“Sona yaxınlaşdıqca daha da çətin olacaq” – Zaur Svanadze[/b]

“Birinci hissədə yaxşı oynadıq. 2-3 qol vəziyyəti yaratsaq da, bunların yalnız birindən istifadə etdik. Lakin ikinci hissədə qol buraxdıqdan sonra komanda “sındı”. Apasport.az saytının məlumatına görə, bu sözləri “İnter”in baş məşqçisi Zaur Svanadze deyib.

 

Azərbaycan kubokunun yarımfinal ilk oyununda öz meydanında “Qəbələ” ilə qarşılaşan paytaxt təmsilçisi 1:3 hesablı məğlubiyyətə üzülüb.

 

Gürcü mütəxəssis görüş başa çatandan sonra fikirlərini bölüşüb: “Qəbələ” kimi komandaya bu cür fürsətlər verəndə bundan maksimum yararlanır. Qarşıda bizi çətin oyunlar gözləyir. Bu oyunu unudub, qarşıdakı oyunlara hazırlaşmalıyıq. “Qəbələ”ni qələbə münasibətilə təbrik edirəm”.

 

- Oyundan sonra kubok mübarizəsinin “İnter” üçün bitdiyini demək olar?

- Demək çətindi. Səfərdə bizə çox çətin olacaq. Sona kimi mübarizə aparacağıq. Bizdə ehtiyat oyunçular skamyası dardı. Buna baxmayaraq, mübarizə aparacağıq.

 

- Sanki bu oyunda müdafiəçilər bir qədər “yuxulu” görünürdü...

- İlk hissədə yaxşı oynasalar da, ikinci hissədə sizinlə razıyam.

 

- “İnter” əvvəlki oyunlarda “Qəbələ”yə qarşı yaxşı oyun sərgiləsə də, bu gün bunu görmədik. Səbəb nədi?

- Qış fasiləsindən sonra komanda həqiqətən zəifləyib. Fasilədə komandanın iki əsas üzvünün komandadan getməsi işimizi çətinləşdirib. Xüsusilə, dayaq yarımmüdafiəçisi mövqeyində ciddi problemlər var. Əvvəl bu mövqedə Ruslan Abışov oynayırdı. Əvvəl də demişdim, sona yaxınlaşdıqca daha da çətin olacaq. Oyunçulara təşəkkür edirəm ki, kubok oyununda yarımfinala kimi irəliləyiblər.

 

- Xizanaşvilinin start heyətində oynamamasının səbəbi nə idi?

- O, bir neçə məşqi buraxdığından, start heyətində şans vermədim.

 

- Mövsümün sonunda komandanın yorulduğunu dediz. Bəs siz necə, yorulmamısız ki?

- Bəli, hamımız yorulmuşuq. Bizim məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdı. Bu istiqamətdə yolumuza davam edirik.

 

- Mövsümün sonunda sizi Mahmud Qurbanovun əvəz edəcəyi deyilir...

- Bu barədə heç bir məlumatım yoxdu.

 

- Oyunda hakim qərarlarından razı qaldız? Qapınıza təyin edilən penalti ilə razılaşırsız?

- Baxmadan heç nə deyə bilmərəm. Baxdıqdan sonra fikir söyləmək olar.

0