[b]“Neftçi” antirekordlardan doymur[/b]
24.04.2017 - 10:21
[b]“Neftçi” antirekordlardan doymur[/b]

Tarixinin ən uğursuz dövrlərindən birini yaşayan “Neftçi” daha bir antirekorda imza atıb. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi Premyer Liqanın bir mövsümündə buraxılan qol sayında antirekordunu təkrarlayıb.

 

XXVII turun “Zirə” ilə görüşündə (2:2) 2 top buraxan Elxan Abdullayevin yetirmələri cari mövsümdə qapısında 42 qol görüb. Bu isə klubun Azərbaycan çempionatları tarixində ən zəif göstəricisinin təkrarıdı.

 

“Neftçi” 1992-ci ildən qatıldığı çempionatlarda yalnız bir dəfə bu qədər çox qol buraxmışdı. Bu da 2013/14 mövsümünə təsadüf etmişdi.

 

Həmin vaxt “ağ-qaralar” 36 görüşdə 42 top buraxmışdısa, bu mövsüm cəmi 27 oyunda eyni sayda qola üzülüb. Maraqlıdı ki, antirekord rəsmiləşən 2013/14 mövsümündə buraxdığından çox (48) qol vuran bakılılar bu dəfə 3 il əvvəlkinin az qala yarısı qədər (25) fərqlənib.

 

Lakin bunadək məğlubiyyət sayında da (15) antirekorda imza atan “Neftçi”nin “Zirə” ilə matçının nəticəsi ləğv olunacaq. “Ağ-qaralar” limiti pozduğu üçün texniki məğlubiyyət alacaq. Bu isə cədvəldəki buraxılan qol sütununda yeni antirekordun (43) əksini tapması ilə əlamətdar olacaq.

 

Qeyd edək ki, “Neftçi” 42 topdan 13-nü “Qəbələ”, 7-ni “Zirə”, 6-nı “Qarabağ”la “Sumqayıt”, 5-ni “İnter”, 4-nü “Kəpəz”, 1-ni AZAL-dan buraxıb.

 

0