[b]İslamiada 16 məkanda - LAYİHƏ[/b]
04.05.2017 - 09:21
[b]İslamiada 16 məkanda - LAYİHƏ[/b]

Apasport.az saytı AFFA yanında Media Komitəsinin layihə müsabiqəsinin qaliblərindən olan “İslamiada: İslam dünyasından dünya idmanına körpü” istiqaməti üzrə silsilə yazıları davam etdirir. Bu dəfəki yazımızla Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının detallı şərhinə start veririk. Əgər bunadək İslamiadanın tarixindən bəhs etmişdiksə, III hissədə yarışı qəbul edəcək idman obyektlərinə nəzər salacağıq. 21 növ üzrə keçiriləcək Oyunlara 16 idman qurğusu qucaq açacaq. Gəlin, birlikdə hansı idman növünün hansı arenada keçiriləcəyi ilə yaxından tanış olaq.

 

65 minlik nəhəng

Təbii ki, mövzuya IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış mərasimlərinin keçiriləcəyi məkan – Bakı Olimpiya Stadionu ilə start veririk. Ölkənin ən böyük idman qurğusu paytaxtımızda baş tutan I Avropa Oyunları kimi yenə də əsas 2 mərasimə ev sahibliyi edəcək. 2011-ci ildə inşasına başlanılan və Bakı-2015 ərəfəsində istifadəyə verilən arena 65 min tamaşaçı tutumuna malikdi. Burada atletika, həmçinin paraatletika yarışları baş tutacaq. Bu yarışlar mayın 16-20-nə təsadüf edəcək.

 

İkinci sınaq ərəfəsində

Avropa Oyunları üçün istifadəyə verilən Bakı Su İdman Mərkəzi mayın 12-22-də paytaxtımızda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında da diqqət mərkəzində olacaq. Özünün ikinci ciddi sınağına hazırlaşan idman qurğusunda üzgüçülük və suyatullanma yarışları təşkil ediləcək. 2000 tamaşaçı tutumuna malik mərkəzin hovuzuna əvvəl üzgüçülər çıxacaq ki, onlar mayın 13-17-də ən sürətliləri müəyyənləşdirəcəklər. Suyatullanma yarışları isə Oyunların sonlarında – mayın 18-21-də baş tutacaq.

 

Vaterpol Arenasında ilk?

Bakı Su İdman Mərkəzinin yaxınlığında yerləşən Vaterpol Arenası üçün də İslamiada ikinci yarışdı. Cəmi 650 tamaşaçı tutan idman qurğusunda yarışlar 5 gün davam edəcək. Mayın 13-də start götürəcək mübarizə ayın 1-də yekunlaşacaq. 2 il əvvəlkindən fərqli olaraq, bu dəfə yalnız kişilər mükafatlar uğrunda mübarizə aparacaqlar. Bu idman növünün müsəlman ölkələrində o qədər də inkişaf etmədiyindən yığmamızın doğma azarkeşlərinə sevinc bəxş etməsi istisna deyil.

 

Basketbolçular üçün tanış məkan

Yuxarıda bəhs etdiyimiz idman qurğuları kimi, Basketbol Arenası da Bakı-2015-in mirasıdı. Ən əsası da, bu 2 son obyektin yaxınlığında yerləşir. Lakin onlardan fərqli, bura müvəqqəti tikili hesab olunur. Basketbol Arenasında yarışlar mayın 18-də başlayacaq və 4 gün davam edəcək. Burda həm kişi, həm də qadın idmançılar qüvvələrini sınayacaqlar. Onların oyunlarını 1650 tamaşaçı izləmək imkanına malik olacaq.

 

İslamiada ilə davam

“Bayıl Arena” futbol yarışlarını qəbul edəcək 4 məkandan biridi. Yığmamızın da qrup matçlarını keçirəcəyi stadion 2012-ci ildə istifadəyə verilib. Bu qısa müddətdə bir sıra vacib matçlar qəbul edən qurğu 2012-ci ildə 17 yaşadək qızlar arasında dünya çempionatının final mərhələsinə ev sahibliyi edən arenalardan olub. Bundan başqa, “Bayıl Arena”da aşağı yaş üzrə yığmalar və klubların avrokubok matçları da keçirilib. Stadion 5000 tamaşaçı tutumuna malikdi.

 

Yiyəsiz stadion

Artıq tarixin yaddaşına köçən AZAL klubunun Şüvəlan qəsəbəsindəki stadionu da İslamiadanın qonaqlarını qəbul edəcək. 2011-ci ildə inşa olunan “AZAL Arena”da qrup oyunları baş tutacaq. Burdakı görüşlər “Bayıl Arena”da olduğu kimi mayın 8-15-də keçiriləcək. Hər 2 stadionda 6 oyun təşkil ediləcək. Şüvəlanda oyunlara 3500 tamaşaçının baxması mümkün olacaq.

 

2 görüş üçün

Futbol yarışları “Dalğa Arena”da davam etdiriləcək. Mərdəkan qəsəbəsində yalnız 2 yarımfinal oyunu keçiriləcək. 2011-ci ildə açılışı olan stadion 2012-ci ildə baş tutan qızlar arasında dünya birinciliyinə ev sahibliyi edib. 6500 azarkeş tutan arena bir neçə avrokubok matçında da komandaların ixtiyarında olub. İslamiada çərçivəsində finala gedən yol mayın 18-nə təsadüf edəcək.

 

Günə 250 tamaşaçı

Yarışın ən kiçik idman qurğularından biri Ağır Atletika Arenasıdı. Bu idman növü üzrə akademiyada yerləşən obyekt “AZAL Arena”nın yaxınlığındadı. 2009-cu ildə yaradılan baza bir sıra mötəbər yarışlara da ev sahibliyi edib. 250 tamaşaçı tutan qurğuda cəmi 5 gün mübarizə gedəcək. İdmançılar mayın 13-dən 17-dək mükafatçıları müəyyənləşdirəcəklər.

 

Üçü bir arada

İslam Həmrəyliyi Oyunlarını Bakı İdman Zalı olmadan təsəvvür etmək mümkün deyil. Əvvəllər Əl Oyunları Sarayı kimi məşhur olan paytaxtın bu qocaman idman qurğusu indiyədək bir çox yarışlara ev sahibliyi edib. Burda müxtəlif idman nöxləri üzrə Avropa və dünya çempionatları, klubların və yığmaların seçmə oyunları, spartakiadalar və s yarışlar baş tutub. 1974-cü ildə inşa edilib, Bakı-2015 ərəfəsində təmir edilən zalda bu dəfə 3 idman növü üzrə yarışlar keçiriləcək. Mayın 13-14-də karateçilər, 16-18-də taekvondoçular və 20-22-də isə uşu ustaları qüvvələrini sınayacaqlar.

 

Snayperlər üçün 20 hektarlıq ərazi

Ərazisinə görə ən böyük idman qurğularımızdan olan Bakı Atıcılıq Mərkəzi də İslamiada vaxtı idmançıların ixtiyarına veriləcək. 19,6 hektar ərazisi olan möhtəşəm obyekt 550 nəfərlik tamaşaçı tutumuna malikdi. Bakı-2015 üçün inşa edilən mərkəz 5 gün snayperlərin sərəncamında olacaq. Burdakı yarışlar mayın 13-17-də gerçəkləşəcək.

 

Yenidən Akademiyaya

8 il əvvəl əsası qoyulan Bakı Tennis Akademiyası da uzun fasilədən sonra qapılarını azarkeşlərin üzünə açacaq. Bir müddət əvvələdək “Baku Cup” yarışına ev sahibliyi edən məkan bu dəfə müsəlman idmançılar üçün sınaq meydanına çevriləcək. 1 əsas və 12 əlavə kortdan ibarət olan Akademiyada yarışlar 11 gün davam edəcək. Mayın 12-dən 22-dək olan müddətdə həm kişilər, həm də qadınlar mükafatlar uğrunda yarışacaqlar. Arenanın əsas kortunun tamaşaçı tutumu isə 1250 nəfərdi.

 

Mahnı yarışması üçün yaradılan məkanda 16 gün

2012-ci ildə “Eurovizion” mahnı yarışması üçün tikilən “Bakı Kristal Zal” İslam Oyunları zamanı 2 idman qurğusu kimi istifadə olunacaq. Yəni arena 2 hissəyə bölünəcək və burda 3 idman növü üzrə yarışlar təşkil olunacaq. “Bakı Kristal Zal-1” adlanacaq məkanda kişi və qadın voleybolçular mübarizə aparacaqlar. Onların oyunları 16 gün davam edəcək və 2200 fanat yığmalarımızı dəstəkləyə biləcək. “Bakı Kristal Zal-2”də isə əvvəlcə boksçular, ardınca zorxana ustaları münasibətlərinə aydınlıq gətirəcəklər. Bu turnirlər müvafiq olaraq, mayın 12-18-də və 20-21-də təşkil ediləcək.

 

2 ilə tikildi, 2 yarışı qəbul edəcək

Tikintisi 2007-ci ildə başlayıb, 2 il sonra yekunlaşan “Sərhədçi” İdman Olimpiya Mərkəzi də müsəlman atletlərin istifadəsində olacaq. Burda həndbol və stolüstü tennis yarışları keçiriləcək. Komanda idman növü üzrə mübarizə mayın 9-14-nə təsadüf edəcək. Stolüstü tennisçilər isə mayın 17-22-də qüvvələrini sınayacaqlar. Bu yarışları bir gündə 2500 azarkeş izləmək şansına malik olacaq.

 

Ən böyük arena

1990-cı ildən istifadəyə verilən arena öncə Bakı İdman-Konsert Kompleksi adlanıb. İnşası 13 il sürən qurğu indiyədək onlarla beynəlxalq səviyyəli yarışlara ev sahibliyi edib. 16 növ üzrə turnirləri qəbul etməyə hazır olan məkan 2 il öncə Avropa Oyunları üçün təmir olunub. Həmin vaxtda Heydər Əliyev adına İdman Arenası adlanan kompleks bu dəfə 4 idman növü üzrə mübarizəyə ev sahibliyi edəcək. Burda mayın 13-15-də cüdoçularla paracüdoçular, 17-18-də yunan-Roma güləşçiləri, sərbəst güləşçilər güclərini yoxlayacaqlar. Qeyri-futbol məkanları arasında ən böyüyü olan Heydər Əliyev adına İdman Arenası 7800 tamaşaçı qəbul etmək iqtidarındadı.

 

3 yaşlı qurğu

2014-cü ildə istifadəyə verilən Milli Gimnastika Arenası yeni inşa olunmasına baxmayaraq, dəfələrlə beynəlxalq nüfuzlu yarışlara ev sahibliyi edib. Ümumiyyətlə, bu idman növündə qitənin ən yaxşılarından olan məkanda bədii gimnastika və idman gimnastikası üzrə yarışlar təşkil olunacaq. Arena 6000 tamaşaçı tutumuna malik olsa da, lazım gələndə bu rəqəm 9000-ə çatdırılır. Burdakı yarışla 4 gün davam edəcək. Mayın 12-də mübarizə start götürəcək və 15-də başa çatacaq.

 

2 oyun 3 medal

Tarixinə görə Azərbaycanın 1 nömrəli arenası sayılan Tofiq Bəhramov adına Respublika stadionu İslamiada zamanı yalnız futbol oyununu qəbul edəcək. 1951-ci ildə inşa olunan və dəfələrlə beynəlxalq səviyyəli oyunlar, o cümlədən U-20-lər arasında dünya çempionatının seçmə mərhələsinə ev sahibliyi edən qurğu hazırda 30 min tamaşaçı tutumuna malikdi. İslamiada zamanı burda final və 3-cü yer uğrunda matç keçiriləcək. Bu da mayın 21-nə təsadüf edəcək.

 

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

 

 

 

0