[b]Paracüdoçulardan bir gündə 7 medal[/b]
14.05.2017 - 22:06
[b]Paracüdoçulardan bir gündə 7 medal[/b]

IV İslam Həmrəyliyi Oyunlarında paracüdo yarışlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, bu gün idmançılar 4 çəki dərəcəsində mübarizə aparıblar.

 

Azərbaycan yığması yarışın ikinci günündə 2 qızıl, 2 gümüş, 3 bürünc medal qazanıb.

 

66 kq çəki dərəcəsində iki Azərbaycan idmançısı finalda münasibətlərinə aydınlıq gətirib. Həlledici görüşdə komanda yoldaşı Bayram Mustafayevi məğlub edən Elçin Talıbov qızıl medala sahib çıxıb. Bu çəkidə ilk “3-lüy”ü türkiyəli Rəcəp Çiftçi qapayıb.

 

73 kq çəkidə də qızıl medal yerli idmançının olub. Ramil Qasımov finalda Feyruz Saidova (Özbəkistan) heç bir şans verməyib. Digər həmyerlimiz Natiq Talıbov və əlcəzairli Yusif Radjai “bürünc” əldə ediblər.

 

90 kq-da idmançımız Rövşən Səfərov bürünc medala layiq görülüb. Bu çəkidə qızıl medal Şuxrat Boboyevə (Özbəkistan) qismət olub. İranlı Məhəmməd Əli Şanani “gümüş”lə kifayətlənib.

 

+100 kq çəki dərəcəsində də iki idmançımız Kənan Abdullaxanlı və İlham Zəkiyev mübarizə aparıblar. Zəkiyev yarışı 3-cü yerdə başa vurubsa, Abdullaxanlı finalda özbəkistanlı Şirin Şərifova məğlub olaraq, komandamızın aktivinə gümüş medal yazdırıb.

 

Qeyd edək ki, dünən qadın paracüdoçularımız 4 medal əldə etmişdilər. Afaq Sultanova (57 kq) və Ramilə Kaştayeva (70 kq) qızıl, Sevda Vəliyeva (57 kq) ilə Turanə Ağayeva (70 kq) isə gümüş mükafata sahib çıxmışdılar.

0