[b]“Onların gələcəkdə “Qəbələ”nin əsas heyətində oynaması mümkündü” – baş məşqçi[/b]
25.05.2017 - 12:24
[b]“Onların gələcəkdə “Qəbələ”nin əsas heyətində oynaması mümkündü” – baş məşqçi[/b]

“Qəbələ”nin U-13 komandasının baş məşqçisi Ülfət Mədətovun apasport.az saytına müsahibəsi

 

- AFFA-nın təşkilatçılığı ilə keçirilən U-13 Liqasının finalında “Vətən”ə 1:0 hesabı ilə qalib gələrək, çempion tituluna yiyələndiniz. Bu nəticəyə imza atacağınızı gözləyirdinizmi?

- Biz əvvəl Qəbələ-Mingəçevir zonasında oynayırdıq. Amma 3-cü ildi Bakı zonasında çıxış edirik. Bu zonada aşağı yaş qrupları çox güclü olur. “Altılığ”a düşmək uğrunda oynayırdıq. Final mərhələsinə vəsiqə əldə etmək üçün bu, vacib idi. İlk mərhələdə ikinci yeri tutduq. “Altılığ”a 7-8 komanda namizəd idi. Hər komanda digərini cəmi 1-2 xal qabaqladı. Çox çətin oldu. Final mərhələsində də futbolçularıma inanırdım. Avqustda komandanı götürəndən sonra transferlər edib, başqa rayonlardan bir neçə uşaq gətirmişdim. Buna görə də, çempion olacağımıza inanırdım.

 

- Seleksiya işi zamanı daha çox hansı rayonlara üz tutursunuz?

- Akademiyanın seleksionerləri var. Mən özüm məşqçiliyə gəlməmişdən əvvəl seleksiya işinə baxmışam. Bu sahədə anlayışım daha güclüdü. Yevlax, Sumqayıt, Ağsu və Zaqataladan yaxşı uşaqlar tapıb gətirdim, seleksionerlərimiz də kömək etdilər. 5-6 uşaqla komandanı gücləndirdim.

 

- Bu yaxınlarda komandanız İtaliyanın Rimini şəhərində, Flavio Perottinin xatirəsinə həsr olunan turnirdə iştirak etdi. Əvvəlcə “Milan” (0:3), “Spal 2013” (0:0) və “Kapilan Pallo” (1:2) klubları ilə qarşılaşdınız və mərhələni 4-cü pillədə başa vurdunuz. Növbəti mərhələdə isə “Forli” və “Prato” klubları ilə 1:1 hesablı heç-heçə etdiniz. Turnirlə bağlı fikirləriniz necədi və bu yarışa qatılmaq komandanıza nə qazandırdı?

- Çempionat bitəndən sonra turnirə hazırlaşmaq üçün 1 həftə, 10 gün vaxtımız oldu. Azərbaycanda U-13 Liqasındakı matçlarda komandaların start heyətində 9 futbolçu yer alır. Turnirdə isə 11 nəfərlə oynamalısan. Birdən-birə 9 futbolçudan 11 oyunçuya keçdik. Yarışın əsas məqamlarından biri də odu ki, meydançaya çıxan 11 nəfərdən 7-si 25 dəqiqədən sonra əvəzlənməli, yəni ehtiyatda heç bir oyunçu qalmamalı idi. Bu da bizə bir az çətinlik yaratdı, çünki buna hazır deyildik. “Milan”la ilk hissədə tam heyətimizlə oynadığımız üçün başabaş mübarizə apardıq və fasiləyə qolsuz bərabərliklə yollandıq. Qrupda bizə ağır komandalar düşmüşdü. Texniki olaraq heç bir komandaya uduzmadıq, yalnız fiziki baxımdan yenildik. “Milan”da elə futbolçular var idi ki, onlara o yaşı vermək mümkün deyildi. Finalda İspaniyanın “Real” klubunu 4:1 hesabı ilə üstələdilər. Həmin oyunda tamaşaçı çox idi, inanın, hər kəs “Real”ı alqışladı. Yaş fərqi açıq-aşkar görünürdü. “Milan” hamını fiziki baxımdan üstələdi.

- İtaliyadakı turnirdə futbolçularınızdan kimlər özlərini daha yaxşı tərəfdən göstərdilər?

- İnandığımız uşaqlar var ki, onlar bu turnirdə də fəal göründülər. Sərxan Mirzəzadə, Nuğay Rəşidov, İbrahim Ramazanov və Azər Məmmədhəsənzadə perspektivini daha çox üzə çıxartdı.

 

- Adını çəkdiyiniz uşaqlara görə İtaliyada xarici klubların nümayəndələrindən sizə müraciət edən oldumu?

- Xeyr, heç kim buna görə yaxınlaşmadı. Amma adlarını çəkdiklərim bu yaşda Avropaya çıxarlarsa, böyük futbolçu ola bilərlər.

 

- Bəs Azərbaycanda qalası olsalar, necə?

- Ölkəmizdə qalsalar da, böyük futbolçu olmaq ehtimalları var. Sadəcə, problemimiz odu ki, Azərbaycanda oyunçu çox yetişir, amma komandaların sayı azdı. Bu uşaqlardan 5-6-nın gələcəkdə “Qəbələ”nin əsas komandasında oynaması mümkündü.

- Qarşıdakı planlar nədən ibarətdi? Komandanız yenə beynəlxalq turnirlərdə iştirak edəcəkmi?

- Akademiyamızın əsas məqsədlərindən biri də budu. Uşaqların daha yaxşı inkişaf etməsi üçün daim Avropada turnirlər axtarıb tapırlar. Bu, digər yaş qrupları üzrə komandalara da aiddi. Gələcəkdə də belə turnirlər olacaq.

 

- Uzun müddətdi ki, “Qəbələ”nin aşağı yaş qrupları üzrə komandalarında çalışırsınız. Uşaqlarla işləməyin nə kimi çətinlikləri var?

- Dediyim kimi, əvvəl seleksiya işi ilə məşğul olmuşam. 2010-cu ildən akademiya üçün çalışıram. Uşaqlarla işləmək çox çətindi. Biz Avropaya baxanda xeyli geri qalırıq. Uşaqlara bir şeyi başa salanda gərək dəfələrlə təkrar edək. Düzdü, işimiz budu, ancaq baxırsan ki, çətinliklər var. Bölgələrimizdən buraya tam hazırlıqlı uşaqlar gəlmirlər. Buna görə də, onları öyrədəndə əlifbanın “A” hərfindən başlamalı oluruq. Müasir dövrdə uşaqlar internetə, texnologiyaya daha meylli olurlar. Amma bizdə təkcə məşqçilər yox, akademiyanın tərbiyəçiləri də bu işlə məşğuldular, uşaqları yönləndirirlər.  

  

- Əsas, əvəzedici, ümumiyyətlə, U-13-dən yuxarı yaş qrupları üzrə komandaların məşqçiləri oyunlarınızı heç izləyirmi?

- Əsas komandanın yox, amma akademiyanın məşqçiləri olaraq, bütün oyunlara bir yerdə baxırıq. Uşaqların inkişaf perspektivi ilə bağlı tez-tez iclaslarımız olur, məsələləri birgə müzakirə edirik.

0