[b]Braziliyadan Yaponiyaya: 4-cü cəhd[/b]
04.06.2017 - 00:01
[b]Braziliyadan Yaponiyaya: 4-cü cəhd[/b]

Voleybol üzrə qadınlardan ibarət Azərbaycan millisi dünya çempionatına vəsiqə qazanıb. Apasport.az saytının məlumatına görə, Faiq Qarayevin yetirmələri gələn il 30 sentyabr – 21 oktyabr tarixləri arasında Yaponiyada baş tutacaq mundialda yarışacaq 24 komandadan biri olacaq.

 

Bu, yığmamızın tarixindəki 4-cü oxşar uğurudur.

 

İlk dəfə 1994-cü ildə Braziliyada baş tutmuş birincilikdə dünyanın ən güclüləri sırasında yer alan millimiz B qrupunda mübarizə aparmışdı. Yığmamızın rəqibləri Peru, Hollandiya və sonradan çempion olacaq Kuba idi. 3 oyunun ikisində məğlub olub, bir qələbə qazanan qızlarımız 4 xalla qrup üçüncüsü olmuş, ümumilikdə isə Ukrayna, Çexiya və Hollandiya ilə birlikdə 9-12-ci yerləri bölüşdürmüşdü.

 

Növbəti iki mundialdan kənarda qalan (Yaponiya – 1998 və Almaniya – 2002) komandamız bir də 2006-c ildə dünya səhnəsinə çıxdı. Yaponiyanın ev sahibliyi etdiyi və 24 komandanın mübarizə apardığı yarışın ilk mərhələsində B qrupunda Çin, Dominikan Respublikası, Almaniya, Meksika və Rusiya ilə qarşılaşan Faiq Qarayevin yetirmələri 5 oyundan sonra topladığı 7 xalla qrupda 4-cü olmuş və ikinci mərhələyə yüksəlməyi bacarmışdı. Bu dəfə isə 8 komandalı qrupda yarışımış yığmamız Braziliya, Rusiya, Hollandiya, Çin, Almaniya, ABŞ və Puerto Riko ilə rəqib olmuş, 7 oyundan sonra 2 qələbə və 5 məğlubiyyət alaraq 9 xalla yalnız Puerto Rikonu qabaqlaya bilmişdi. Ümumilikdə isə Rusiyanın çempion olduğu mundialda təmsilçilərimiz Cənubi Koreya ilə birlikdə 13-14-cü yerləri bölüşdürmüşdü.

 

Ardıcıl ikinci dəfə Yaponiyada keçirilən DÇ-2010-u buraxan Azərbaycan millisi 2014-cü İtaliya mundialında isə yenə ən yaxşı 24 komandadan biri idi. Seçmə mərhələnin Avropa zonasında J qrupunda yer alan, Serbiya, İsrail və Estoniya ilə birlikdə yarışdığı qrupun qalibi olaraq dünya çempionatına birbaşa vəsiqə qazanan millimiz final mərhələsində D qrupundakı 6-lıqda yarışmışdı. Yaponiya, Çin, Puerto Riko, Kuba, Belçika ilə mübarizədə 3 qələbə və 2 məğlubiyyətlik nəticə ilə 4-cü olan komandamız ikinci mərhələyə yüksəlməyi bacarmışdı. Bu dəfə 8 komandalıq E qrupunda yarışan yığmamız İtaliya, Çin, Dominikan Respublikası, Yaponiya, Almaniya, Belçika, Xorvatiya ilə mübarizə aparmış, 5 məğlubiyyətlə bərabər 2 qələbə qazanaraq qrup sonuncusu olmuşdu. Ümumilikdə isə ABŞ-ın çempion olduğu dünya birinciliyində millimiz Qazaxıstanla birlikdə 14-15-ci yerlərlərdə qərarlaşmışdı.

 

Qeyd edək ki, millimiz bütün mundiallara Faiq Qarayevin rəhbərliyi altında qatılmaq hüququ qazansa da, yalnız iştirak etdiyi sonuncu birincilikdə - İtaliya – 2014-də baş məşqçi Aleksandr Çervyakov olub.

0