[b]Denis Silva: Püşk heç kimin sözünü dinləmir – MÜSAHİBƏ[/b]
19.06.2017 - 00:00
[b]Denis Silva: Püşk heç kimin sözünü dinləmir – MÜSAHİBƏ[/b]

Türkiyədə təlim-məşq toplanışını yekunlaşdıran “İnter” dünən Rumıniyanın “Vitorul” klubu ilə qarşılaşıb. Georgi Hacinin çalışdırdığı komandanı 2:1 hesabı ilə məğlub edən paytaxt klubunun müdafiəçisi Denis Silvanın apasport.az saytına müsahibəsi.

 

- Oyun necə keçdi?

- Normal qarşılaşma alındı. Rəqib güclü idi. Şadam ki, qalib gəldik. Komandamız layiqli qələbə qazandı. Bu oyun Avropa Liqası öncəsi yaxşı sınaq oldu.

 

- Yəqin çatışmayan, baş məşqçinin narazı qaldığı məqamlar da oldu...

- Bu suala daha doğru cavabı baş məçqçi verə bilər. Biz hamımız baş məşqçinin tapşırıqlarını yerinə yetirməyə çalışdıq. Təbii ki, fasilədən sonra keçirilən oyunlar elə həmin çatışmazlıqları aşkarlamağa və aradan qaldırmağa xidmət edir.

 

- Komanda Avropa Liqasına hazırdımı?

- Fikrimcə, komandamız hazırdı. Türkiyədə çox yaxşı toplanış, eləcə də yoldaşlıq oyunları keçirdik. Qarşıda hələ 10 gün vaxtımız var. Bu müddəti də xeyrimizə dəyərləndirəcəyik.

 

- Baş məşqçini toplanışın gedişində narahat edən məqamlar oldumu?

- Məşqlərdə və oyunlarda təbii ki, müəyyən səhvlərə yol verilirdi. Baş məşqçi də hər dəfə öz tapşırıqlarını və tövsiyələrini bildirir. Biz də bu səhvlər üzərində işləyirik. Toplanışın məqsədi də bu idi. Əsas odu ki, həmin səhvləri yoxlama oyunlarında edək, rəsmi oyunlara saxlamayaq.

 

- Maraqlıdır ki, sparrinq-rəqiblərdən biri çempionatda ən azı 4 dəfə qarşılaşacağınız “Zirə” oldu. Rəqib yox idi?

- Bu oyun ağır məşq yükləmələri fonunda keçdi. Təbii ki, qələbə qazanmaq istəyirdik. Amma unutmaq da lazım deyil ki, bu, bir yoxlama qarşılaşmasıdır. Oyundan sonra baş məşqçi matç barədə ətraflı izah verdi.

 

- Transfer qadağası komandaya təsir göstərdi?

- Təbii ki, transfer qadağası yaxşı hal deyil. Buna baxmayaraq, “İnter”in klub olaraq yaxşı futbolçuları var. Düşünürəm ki, bu heyətlə Avropa Liqasında uğur qazana bilərik.

 

- Hazırda komandanın oyun planında gücləndiyini düşünürsənmi?

- “İnter”ın özünəməxsus oyun xətti var və heyətdə yaxşı futbolçular cəmləşib. Biz hər oyunda güclənməyə çalışırıq və bunu nə qədər bacardığımızı ətrafdakılar daha yaxşı bilər.

 

- “İnter”ə uğur qazanmağa nə mane ola bilər?

- Futbolçular ancaq qarşıdakı oyunlara kökləniblər. Baş məşqçinin tapşırıqlarını yüksək səviyyədə yerinə yetirməyə çalışırıq. Elə bir ciddi maneə olacağını düşünmürəm.

 

- Rəhbərlik uğur tələb edir. Bu, komanda üzərində əlavə təzyiq yaratmayacaq?

- Qeyd etdiyim kimi, biz uğur üçün çalışırıq və bu məsələdə əlimizdən gələni əsirgəməyəcəyik. Bunun üçün rəhbərlik yanımızda olacağını bildirib.

 

- Sabah birinci təsnifat mərhələsindəki rəqibiniz məlum olacaq. Ürəyindən hansı komanda ilə qarşılaşmaq keçir?

- Hansısa komandanı arzulamaq, ad çəkmək düzgün olmaz. Püşk heç kimin sözünü dinləmir. Əsas odur ki, həmin gün biz meydanda özümüzü göstərə, oyunumuz ortaya qoya bilək.

0