[b]“Dalğa Arena”da debüt, “İnter”in Serbiya sınağı[/b]
28.06.2017 - 12:26
[b]“Dalğa Arena”da debüt, “İnter”in Serbiya sınağı[/b]

Sabah Azərbaycan klubları üçün yeni avrokubok mövsümü start götürəcək. Apasport.az saytının məlumatına görə, ilk olaraq, mübarizəyə Avropa Liqasının I təsnifat mərhələsində çıxış edəcək “Zirə” və “İnter” klubları qoşulacaqlar.

 

Saat 21:00-dan etibarən azərbaycanlı futbolsevərlərin diqqəti “Dalğa Arena”ya yönələcək. Çempionatda 4-cü yeri tutan və bunun sayəsində Avropa Liqasına yolu açılan “Zirə” avrokuboklarda debüt matçına çıxacaq. Əslində, paytaxt təmsilçisi ötən mövsümdə də Avroliqaya vəsiqə qazanmışdı. Amma həmin vaxt klubun fəaliyyət müddəti 3 ili əhatə etmədiyindən, Azərbaycan çempionatının gümüş mükafatını əldə etmiş “Zirə” avrokuboklara buraxılmamışdı. Bu mənada, bakılılar üçün sabahkı oyun böyük önəm kəsb edir. “Zirə” debüt matçındaca azarkeşləri sevindirmək niyyətindədi. Güclü olmayan, Lüksemburq təmsilçisi “Differdanj” önündə bu missiyanın yerinə yetiriləcəyi isə real görünür.

“Zirə” yay fasiləsində Migel Lorenzo, Tural Cəlilov, Nurlan Novruzov, Yamin Ağakərimzadə, Elvin Məmmədov, Cavid Tağıyev, Amadu Ben Sanqar və Akim Latifu kimi futbolçularla yolları ayırıb. Əvəzində komandaya yeni oyunçular - Nicat Qurbanov, Orxan Əliyev, Rəşad Sadiqov, David Manqa, Kervens Belfort, Jozef Bum və Qabriel Matey cəlb edilib. Bu dəyişikliklərin “Zirə”yə necə təsir etdiyini “Differdanj”la matçlar göstərəcək.

 

Avropa Liqasındakı digər təmsilçimiz “İnter” isə Serbiyada sərfəli nəticəyə imza atmağa çalışacaq. Rəqib “Mladost”un 65 yaşı olsa da, ciddi bir uğuru yoxdu. Luçani təmsilçisi 2014-cü ildə yenidən yüksək liqaya qayıdıb. Əvvəlki iki mövsümdə 7-ci və 9-cu pillələri tutan komanda ötən mövsüm 4-cü yerə sahib çıxaraq, ilk dəfə avrokuboklara vəsiqə əldə edib. Bununla belə, Serbiya futbolunun gücünü və tarixini nəzərə alsaq, “İnter”i asan görüşün gözləmədiyini təxmin etmək olar. Üstəlik, Zaur Svanadzenin komandası transfer qadağası ilə əlaqədar olaraq, heyətinə yeni futbolçu qata bilməyib. Əvəzində “Qarabağ”a keçən Abbas Hüseynov və karyerasını bitirən Zurab Xizanişvili Avropa Liqasında “İnter”ə kömək etməyəcək.

 

Avropa Liqası

I təsnifat mərhələsi, ilk oyunlar

29 iyun

 

21:00. “Zirə” (Azərbaycan) – “Differdanj” (Lüksemburq)

Baş hakim: Daniyar Saxi

Baş hakimin köməkçiləri: Yuri Tixonyuk, Alibek Aubakirov

Dördüncü hakim: Marat İskakov (hamısı Qazaxıstan)

Hakim-inspektor: İqor Satki (Moldova)

UEFA nümayəndəsi: Cem Cenk (Türkiyə)

Bakı. “Dalğa Arena”

 

22:30. “Mladost” (Luçani, Serbiya) – “İnter” (Bakı, Azərbaycan)

Baş hakim: Aleksey Matyunin

Baş hakimin köməkçiləri: Anton Kobzev, Aleksey Lunyov

Dördüncü hakim: Yevgeni Turbin (hamısı Rusiya)

Hakim-inspektor: Bernardino Qonzales Vaskes (İspaniya)

UEFA nümayəndəsi: Paolo Rondelli (San-Marino)

Luçani. “Mladost” stadionu

 

0