“Gənclərbirliyi” klubunun prezidenti: “Komandaya göstərdiyim qayğının müqabilində sonuncu pillədə olmaq kişilikdəndirmi?”
17.04.2008 - 14:47
“Gənclərbirliyi” klubunun prezidenti: “Komandaya göstərdiyim qayğının müqabilində sonuncu pillədə olmaq kişilikdəndirmi?”
Sumqayıt. Mehman Süleymanov – APA-Sport. “Mən bu vəziyyəti başa düşə bilmirəm. Komandamıza digərləri kimi qayğı göstərildiyi halda, niyə turnir cədvəlində sonuncu yerdə olmalıyıq?” Bu fikirləri “APA-Sport” agentliyinə açıqlamasında Sumqayıtın “Gənclərbirliyi” klubunun prezidenti İlqar Nuriyev deyib. Kluba təkbaşına himayə etdiyini bildirən İ.Nuriyevin sözlərinə görə, klubda 47 nəfər yer alıb və işçilərin maaşını vaxtında verir: “Bir nəfər deyə bilməz ki, ona borcum var. Yalnız aylıq məvacibləri götürsək, bu, mənə 35-40 min dollara başa gəlir. Futbolçular oyuna hazırlaşarkən, səfərə çıxarkən lazımi şərait yaratmışıq. Onlar təlim-məşq toplanışında olur, yeyib-içir, vaxtında yatır, istirahət edirlər. İkinci dövrəyə Türkiyədə hazırlaşdıq, heyətə xeyli futbolçu cəlb etdik, Antalyada beş ulduzlu oteldə qaldılar. Yeniyetmə oyunçuları nəzərə almasaq, futbolçuların və məşqçilərin aylıq maaşı 1000 dollardan çoxdur. Bütün bu qayğının müqabilində sonuncu yerdə olmaq kişilikdəndirmi?”
Klub prezidenti baş məşqçi Sabir Əliyevi də günahlandırıb. “Gənclərbirliyi” yaranandan – 2003-cü ildən kluba rəhbərlik edən İ.Nuriyev təcrübəli çalışdırıcının hərəkətlərini anlamır: “Sabir Əliyev hər dəfə vəziyyətin dözülməzliyindən şikayətlənir, getmək haqda düşünür. Vəziyyətimiz heç də pis olmadığı halda, niyə anlaşılmazlıq yaradır? Belə çıxır ki, baş məşqçi komanda güclülər dəstəsində yerini saxlaya bilmədiyini görüb, özünü sığortalayır. Mən də vəziyyətin aydınlaşdırılması ilə bağlı məsələ qaldırmışam. Əslində, vəziyyətin bu həddə çatmasında bir prezident kimi mənim də, ümumiyyətlə, hamımızın günahı var. İndi elə haldayam ki, komanda birinci diviziona düşsə, çıxışını davam etdirəcəyini deyə bilmərəm”.
0