[b]“Qəbələ”yə qarşı heç nə hiss etmirik” – “Panatinaikos”un qapıçısı[/b]
28.07.2017 - 15:46
[b]“Qəbələ”yə qarşı heç nə hiss etmirik” – “Panatinaikos”un qapıçısı[/b]

“Çox yaxşı oyun keçirdik. Uşaqlar əllərindən gələni etdilər”. Apasport.az saytının məlumatına görə, bunu “Panatinaikos”un qapıçısı Odisseas Vlaxodimos deyib.

 

Yunanıstan klubu UEFA Avropa Liqasının III təsnifat mərhələsində “Qəbələ” ilə keçirilən ilk matçda 1:0 hesablı qələbə qazanıb.

 

Vlaxodimos yüksək səviyyəli oyun göstərmələrinə baxmayaraq, az qol vurduqlarını söyləyib: “Baş məşqçinin tapşırıqlarını meydanda düzgün yerinə yetirdiyimizi düşünürəm. Belədə niyə çox qol vura bilmədiyimizə cavab tapa bilmirəm. Buna baxmayaraq, oyunumuzla göstərik ki, növbəti mərhələyə vəsiqə qazanmaq öz əlimizdədi. Rəqib qarşısında risk etmək istəmədik. Baş məşqçi bizə tapşırmışdı ki, “Qəbələ” futbolçularının meydanın bizə aid hissəsində rahat top qəbul etmələrinə imkan verməyək. Onların hücumda rahat oynamamaları üçün müdafiədə aqressiv futbol sərgilədik. Əsas odu ki, ilk matçda qol buraxmadan qələbə qazandıq”.

 

Almaniyalı qolkiper bu komandaların 2015-ci ildəki dueli ilə bağlı sualı da cavablandırıb. “Panatinaikos”a ötən il “Ştutqart”dan keçən 23 yaşlı qapıçı revanş barədə düşünmədiklərini vurğulayıb: “İki il əvvəl “Qəbələ” mərhələ adlayan tərəf olmuşdu. Ancaq bu, iki il əvvəldə qalıb. Nə olur-olsun, “Qəbələ”yə normal rəqib gözü ilə baxırıq, önümüzdəki bir maneə olaraq görürük. Yəni bu rəqibə qarşı xüsusi heç nə hiss etmirik. Rəqibin kimliyi yox, mərhələni adlamaq bizim üçün əsas məsələdi”.

 

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu avqustun 3-də 8-ci km qəsəbə stadionunda keçiriləcək.

0