[b]Stole Solbakken: "Qarabağ" təkcə onlardan ibarət deyil[/b]
14.08.2017 - 19:54
[b]Stole Solbakken: "Qarabağ" təkcə onlardan ibarət deyil[/b]

"Bakıda hava şəraiti normaldı. Meydançanı hələ görməmişəm. Amma eşitdiyimə görə, yaxşı vəziyyətdədi". Apasport.az saytının məlumatına görə, bu sözləri "Kopenhagen" klubunun baş məşqçisi Stole Solbakken deyib.

 

Danimarka təmsilçisi Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində sabah "Qarabağ"ın qonağı olacaq.

 

Matçdan öncə mətbuat konfransı keçirən qonaqların çalışdırıcısı bunları deyib: "Rəqib haqda məlumatımız var. "Qarabağ" keyfiyyətli komandadı. Xüsusən də, öz meydanında yaxşı oynayır. Məqsədimiz sabahkı görüşdən sərfəli nəticə ilə ayrılmaqdı".

 

- Heyətlə bağlı bəzi problemləriniz var. Xüsusilə, müdafiənin mərkəzində çətinliklə üzləşmisiz...

- Erik Yohansson zədəlidi. Buna baxmayaraq, onun yerini tutacaq futbolçumuz var. İxtiyarımızda olan oyunçularla ən yaxşı nəticəyə imza atmaq niyyətindəyik.

 

- Çempionlar Liqasının cari mövsümündə artıq 4 oyun keçirmiş "Qarabağ"ın hansı xüsusiyyəti sizi daha çox narahat edir?

- Rəqibin hücum triosunu qeyd etmək istəyirəm. Onların hər biri oyunun taleyini həll edəcək futbolçudu. Lakin "Qarabağ" təkcə onlardan ibarət deyil. Bizim kimi, "Qarabağ"ın da yaxşı Avropa təcrübəsi var.

 

- Vaxtilə keçirilmiş Norveç - Azərbaycan matçında komandanızın 5 qolundan 2-nə siz imza atmışdınız. Həmin matçda "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov da iştirak etmişdi. Sizcə, bu məqam rəqibdə sizə qarşı qisas hissi yarada bilərmi?

- Futbolçu karyeramda çox qol vurmuşam, hər birini xatırlamıram (gülür). Amma Azərbaycana vurduğum qollar yadımdadı. Millidə ilk qollarım idi. Lakin həmin görüşlə müqayisədə Bakıda 1:0 hesabı ilə qələbə qazandığımız qarşılaşmanı daha yaxşı xatırlayıram. Çünki həmin qələbə ilə dünya çempionatına vəsiqəni təmin etmişdik.  

0