[b]"Vəziyyətimiz göz qabağındadı, çətinliklərimiz çoxdu" - Tərlan Quliyev[/b]
20.08.2017 - 21:04
[b]"Vəziyyətimiz göz qabağındadı, çətinliklərimiz çoxdu" - Tərlan Quliyev[/b]

“Qarabağ”la oyunda son dəqiqədə buraxılan qolla məğlub olan “İnter”in müdafiəçisi Tərlan Quliyev müsahibə verib. O, apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

 

- Son dəqiqədə nə baş verdi ki, hesabı qoruya bilmədiniz?

- Oyunun bizim üçün çətin keçəcəyini bilirdik. Vəziyyətimiz göz qabağındadı, çətinliklərimiz çoxdu. Buna baxmayaraq, 0:1 hesablı məğlubiyyət bizim üçün qənaətbəxş hesab oldu. Daha doğrusu, oyunumuzu belə hesab etmək olar. Konsentrasiyanı itirməyimiz isə yorğunluqla bağlı idi. Ani səhvimiz məğlub olmağımıza səbəb oldu.

 

- Sona yaxın baş məşqçi iki əvəzetmədən istifadə etdi. Bəlkə o, bununla konsentrasiyanı pozdu?

- Əksinə, bu əvəzetmələr bir qədər tez edilməli idi. Çünki əksər futbolçularımız yorulmuşdu, meydanda gəzirdi. Sadəcə, bizim ehtiyat futbolçuların əksəriyyəti gənclərdi.

 

- Bəs hakimə tez-tez etiraz etməyiniz nədən doğurdu?

- Bir epizodda Əfran İsmayılov görmədən ayağıma vurdu. Hakim də deyir ki, dur ayağa, heç nə yoxdu. Deyirəm, başa düşürəm, bilmədən vurdu, corabımdakı yırtığı göstərdim ki, yalandan yıxılmamışam. Yüngül bir vəziyyət idi.

 

- Bəzi futbolçular “İnter”in bu heyətlə çempion ola biləcəyini deyir..

- (gülür) Onlar təvazökarlıq edirlər. Bürünc medallar üçün mübarizə apara bilsək, böyük nailiyyətdi.

 

- Təqvimin bu cür düşməsini bəxtsizlik hesab edirsinizmi?

- Niyə belə alındığını başa düşmədim. Mənə də maraqlıdır ki, niyə ilk 2 turda güclü komandalarla qarşılaşdıq.

 

- Bəs bu oyunla nəyə ümid edirsiniz?

- Qışa qədər dözməliyik.

 

- Rauf Əliyevin gedişi söz-söhbətə səbəb oldu. Onun komandadan ayrılması haqda nə düşünürsüz?

- Onun gedişinə sevindim. 28-29 yaşı var. Komandanın problemlərinin ona aidiyyatı olmamalıdı. Özü də hansısa yerli kluba deyil, ölkə xaricinə yollandı.

 

- Klubda maddi problemlər davam edir?

- Son iki ayın maaşı və Avropa Liqasında mərhələ adlamağımıza görə vəd olunan mükafat qalıb. Bu cür vəziyyətə öyrəncəliyik. “Neftçi”də oynayan vaxtı da belə hallar olurdu.

 

0