[b]Prezident: İdmanın inkişafına qoyulan vəsait öz nəticəsini verməkdədir[/b]
29.09.2017 - 16:17
[b]Prezident: İdmanın inkişafına qoyulan vəsait öz nəticəsini verməkdədir[/b]

“Son illər ərzində həm bölgələrdə, həm Bakıda idmanın inkişafına, infrastruktur layihələrinə qoyulan vəsait öz nəticəsini verməkdədir”.

 

APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev MOK-un yaranmasının 25 illik yubileyi münasibətilə təntənəli mərasimdə çıxışı zamanı deyib.

 

O bildirib ki, Azərbaycanda Olimpiya Hərəkatı və idman uğurla, sürətlə inkişaf edir: “Azərbaycan dünyada idman dövləti kimi tanınır. İdman Azərbaycanda dövlət siyasətidir. Dövlət bu istiqamətdə öz siyasətini apararkən idmanın hərtərəfli inkişafına nail ola bilmişdir. Qeyd etməliyəm ki, bütün müvafiq qurumlar, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, idman cəmiyyətləri, federasiyalar, klublar bir məqsədi güdür ki, Azərbaycanda idman daha da inkişaf etsin, idmanın kütləviliyi daha da geniş vüsət alsın və idmançılarımız bizi beynəlxalq yarışlarda tez-tez sevindirsinlər. Bax, bu birgə fəaliyyət nəticəsində və idmana cavabdehlik daşıyan bütün qurumlar arasındakı koordinasiya sayəsində Azərbaycan beynəlxalq aləmdə idman sahəsində çox böyük uğurlara imza atıb.

 

Biz əlbəttə ki, ilk növbədə, idmanla məşğul olmaq üçün şərait yaratmalı idik və bu istiqamətdə dövlət investisiyaları hesabına Azərbaycanda bir çox müasir Olimpiya idman qurğuları tikilib istifadəyə verilmişdir. Təkcə onu demək kifayətdir ki, Azərbaycanın bölgələrində 50-yə yaxın müasir Olimpiya İdman Kompleksi tikilmişdir. Bakıda isə bu gün ən müasir idman infrastrukturu mövcuddur. Əvvəlki illərdə tikilmiş idman obyektləri əsaslı təmir olundu və eyni zamanda, son illərdə bir neçə böyük stadion, idman zalı inşa edildi. Onların arasında əlbəttə ki, təxminən 70 min tamaşaçı yeri olan Olimpiya Stadionunu qeyd etməliyəm. Milli Gimnastika Arenası, Su İdmanı Sarayı və Bakı Atıcılıq Mərkəzinin tikintisi böyük investisiya tələb edən müasir idman qurğularıdır. Eyni zamanda, Bakıda idman şəhərciyi fəaliyyət göstərir. Bir sözlə, son illər ərzində həm bölgələrdə, həm Bakıda idmanın inkişafına, infrastruktur layihələrinə qoyulan vəsait öz nəticəsini verməkdədir”.

 

Biz əlbəttə ki, idmanda əldə edilmiş nailiyyətlərlə fərəhlənirik. Çünki bizim idmançılarımız ölkəmizi beynəlxalq arenalarda ləyaqətlə təmsil edirlər. Azərbaycan ilk dəfə olaraq müstəqil dövlət kimi 1996-cı ildə Yay Olimpiya Oyunlarında iştirak etmişdir və o vaxt cəmi 1 medal qazanmışdır. Ondan 20 il sonra Rio Yay Olimpiya Oyunlarında isə Azərbaycan idmançıları 18 medal qazanmışlar və medalların sayına görə komanda hesabında Azərbaycan 14-cü yerə layiq görülmüşdür. Bax, bu tərəqqi idmanın inkişafını göstərən ən gözəl amildir. Çünki Olimpiadadan-Olimpiadaya medallarımızın sayı artırdı və 18 medal qazanmaq doğrudan da çox böyük tarixi nailiyyətdir”.

 

Prezident    qeyd edib ki, Azərbaycan idmançıları, eyni zamanda, Avropa və dünya çempionatlarında böyük uğurlar qazanırlar: “Bu il bizim iki idmançımız sərbəst güləş və boks üzrə üçüncü dəfə dünya çempionu olub. Bu da tarixi nailiyyətdir. Bir sözlə, bu gün Azərbaycan o ölkələrdəndir ki, onun çox güclü idman potensialı var. Həm infrastruktur, həm idmançıların hazırlığı, gənc idmançıların hazırlanması - biz bu məsələyə kompleks şəkildə yanaşırıq. Bir daha qeyd etmək istəyirəm ki, bütün müvafiq qurumlar bir nöqtəyə vurur, bir məqsədə qulluq edir və məhz buna görə də biz idmanda bu nailiyyətləri əldə edə bilmişik”.

 

0