[b]DÇ-2018: Azərbaycanın daha 6 potensial rəqibi dəqiqləşdi[/b]
04.10.2017 - 17:10
[b]DÇ-2018: Azərbaycanın daha 6 potensial rəqibi dəqiqləşdi[/b]

Qadın voleybolçular arasında 2018-ci ildə Yaponiyada keçiriləcək dünya çempionatına daha 6 yığma vəsiqə qazanıb. Apasport.az saytının məlumatına görə, bu, DÇ-2018-in Şimali və Mərkəzi Amerika, Karib Dənizi Hövzəsi (NORCECA) və Asiya zonası üzrə qrup matçlarının yekununa əsasən rəsmiləşib.

 

Belə ki, NORCECA-da B qrupunun oyunları başa çatıb. Nəticələrə əsasən lider Kanada və ikinci yeri tutan Kuba Tokioya bilet sifariş ediblər. Şimali və Mərkəzi Amerika, Karib Dənizi Hövzəsi ölkələri zonasının A və C qruplarının matçları oktyabrın 13-15-də olacaq.

 

Asiya qitəsindən isə Çin, Cənubi Koreya, Tailand və Qazaxıstan DÇ-2018-də iştirak hüququna yiyələniblər. Bu komandalardan ilk ikisi qrupu birinci, digər ikisi ikinci yerdə bitiriblər.

 

Bununla da mundialın 24 iştirakçısından 17-nin adına aydınlıq gəlib. Bunlar ev sahibi Yaponiya, Cənubi Amerikadan Braziliya, Avropadan Rusiya, Serbiya, Türkiyə, İtaliya, Azərbaycan, Almaniya, Hollandiya, Bolqarıstan, Asiyadan Çin, Cənubi Koreya, Tailand, Qazaxıstan, Şimali və Mərkəzi Amerika, Karib Dənizi Hövzəsi ölkələrindən Kuba və Kanada milliləridi. Digər komandalar isə Okeaniya, NORCECA və Afrika zonaları üzrə baş tutacaq yarışların nəticəsinə əsasən bilinəcək. 

 

 

 

0