[b]Fabreqas “Qarabağ”a qarşı oynasa...[/b]
21.11.2017 - 09:25
[b]Fabreqas “Qarabağ”a qarşı oynasa...[/b]

Çempionlar Liqasının (ÇL) V turunda “Qarabağ”la keçiriləcək qarşılaşma “Çelsi”nin yarımmüdafiəçisi Sesk Fabreqas üçün əlamətdar hadisə ola bilər. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, ispaniyalı futbolçu sabah oynamaq şansı əldə etsə, “zadəganlar”ın tarixində ilk “beşliy”ə düşmək şansı yaxalayacaq.

 

Belə ki, karyerası ərzində Çempionlar Liqasında 100 matçda iştirak edən 30 yaşlı oyunçu hazırda keçmiş hücumçu Andrey Şevçenko ilə 6-cı yeri bölüşür. İspaniya millisinin üzvü Bakı Olimpiya Stadionunda meydana ayaq basarsa, ukraynalını geridə qoyacaq və hazırda “Bavariya”nın formasını geyinən Aryen Robbenlə (“Anderlext”lə görüşdə oynamasa) ilk “beşliy”i bölüşəcək.

 

“Çelsi”də oynamış futbolçular arasında Çempionlar Liqasında ən çox iştirak edən Petr Çexdi. “Arsenal”la Avropa Liqasında mübarizə aparan çexiyalı qolkiper ÇL-də 111 görüşdə meydana çıxıb. İkinci pillədə paytaxt təmsilçisinin əfsanəsi Con Terri (109 oyun) qərarlaşırsa, ilk “üçlüy”ü hazırda karyerasını ABŞ-da davam etdirən Eşli Koul (108) qapayır. Klubun daha bir əfsanəvisi Frenk Lempardın isə ÇL-də aktivində 105 matç var.

 

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda baş tutacaq “Qarabağ” – “Çelsi” qarşılaşması saat 21:00-da start götürəcək.

0