[b]Orxan Sadıqlı: Onun gəlişindən sonra çox əziyyət çəkəcəm[/b]
14.01.2018 - 19:27
[b]Orxan Sadıqlı: Onun gəlişindən sonra çox əziyyət çəkəcəm[/b]

“Neftçi” ilə oyunun ikinci hissəsində meydana çıxan və qapısını toxunulmaz saxlayan “Keşlə”nin qapıçısı Orxan Sadıqlının apasport.az saytına müsahibəsi.

 

- Kamran Ağayev “Keşlə”yə keçdi. Yarım mövsümü rəqabətsiz keçirən Orxan təcrübəli qapıçının “nəfəsi”ni hiss edir?

- Onun “Keşlə”yə keçməsi mənə də xeyirdi. Milli komandanın qapıçısıdı, sözünü demiş futbolçudu. Oyunu ilə rəğbət qazanıb.  Kamranın gəlişindən sonra daha çox əziyyət çəkəcəm, məşq edəcəm. Komandamız üçün xeyirli oldu. Əsas məqam “Keşlə”ni hazırkı vəziyyətdən çıxarmaqdı. Bu gün mütləq oynamalıyam prinsipi ilə yaşamıram. Kim qapıda duracaq, Allah köməyi olsun.

 

- Bundan sonra sənin ehtiyatda qalacağın daha real görünür…

- Hər şey özümdən asılıdı. Deməzdim ki, onun gəlişindən sonra günüm ehtiyat oyunçular skamyasında keçəcək. Baş məşqçi hamıya şans verəcək. Şansımdan düzgün istifadə etsəm, davamı olacaq. Bəlkə Kamran elə uğurlu start götürəcək ki, doğurdan da ehtiyatda oturmalı olacam. Onda başa düşəcəm ki, həqiqətən də o, qapıda yaxşı dayanır. Meydanda rəqib, kənarda dost, qardaşıq.

 

- “Kəpəz”ə niyə keçmədiniz?

- Belə söhbət var idi. Ancaq klubun rəhbəri Zaur müəllimlə (Müşahidə Şurasının sədri Zaur Axundov-red.) söhbətimiz oldu, o, getməyimə icazə vermədi. Çünki “Keşlə” ilə may ayına qədər müqaviləm davam edir. Mövsümün sonunda məsələyə aydınlıq gətirəcəyik.

 

- Komandada ümumi vəziyyət necədi? Daha maliyyə sıxıntıları yormur?

- Vəziyyət yaxşıdı. Ancaq dekabrın maaşını almamışıq. Onu da yaxın günlərdə verəcəklər. Maliyyə ilə bağlı hansısa çətinlik qalmayıb. İşlər yaxşılığa doğru gedir.

 

- Yeni baş məşqçi və bir neçə futbolçu... Gələnlər komandanı “zirzəmi”dən çıxara biləcəkmi?

- Baş məşqçi bizim üçün də yenidi. Futbolçularla tanış olmağa, münasibət qurmağa çalışır. Hamıya eyni yanaşır. Bizim də istədiyimiz odur ki, komandanı bu durumdan çıxarsın.

 

- Əsas tələbləri nədir?

- Nizam-intizam vacibdi onun üçün. Məşqlərdə bacardığını maksimum şəkildə verməlisən. Düzgün mövqe seçməyimizi və oynamağımızı tələb edir. Bacaracağıqsa, oynayacağıq. Bacarmayan isə gözləyəcək.

0