[b]“Onları büdrədən olacaq” - MÜSAHİBƏ[/b]
16.02.2018 - 14:29
[b]“Onları büdrədən olacaq” - MÜSAHİBƏ[/b]

Yüksək Liqanın debütantı “Marafon Futsal”ın qış fasiləsinə ikinici pillədə yollanması əksər izləyicilər üçün sürpriz olsa da, heyətlə bağlı görülən işlər nəticəni labüdləşdirirdi. Apasport.az saytı xəbər verir ki, heyətini İran və Belarusdan dəvət edilən legionerlərlə gücləndirən paytaxt təmsilçisi qış fasiləsindən sonra keçirdiyi ilk oyunu da qələbə ilə yekunlaşdırıb.

 

“FK.İD.Futsal”la matçın taleyini həll edən yeganə qolun müəllifi iranlı futzalçı Omid Talebi Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə müsahibə verib.
 

- Başlayaq “FK.İD.Futsal”la oyundan. Cəmi bir qol vuruldu. Nəticəni necə qarşıladınız?
- Əlbəttə, futzal oyununda cəmi 1 qolun vurulması nadir hallarda olur. Biz də bilirdik ki, çətin, amma maraqlı mübarizə olacaq. Heyətimizdə müəyyən dəyişikliklər olmuşdu, üstəlik, rəqibimiz də bizi yaxşı tanıyırdı. Həm də bu matç qış fasiləsindəki hazırlığın keyfiyyətini göstərəcəkdi. Yaxşı oyun keçirdik. Bu, ikinci yarıda qələbə missiyamızı davam etdirmək üçün vacibdi.
 

- Heyətdə yeni futzalçılar var. Belaruslu oyunçuların potensialı bu qədərdi, yoxsa onlar hələ uyğunlaşma dövrünü keçirirlər?
- Hər bir yeni oyunçunun düşdüyü mühitə alışması müəyyən vaxt alır. Yeni oyunçularımız güclüdülər, ancaq bir qədər səbr etmək lazımdı.
 

- Gələnlər gedənlərin boşluğunu dolduracaqmı?
- İki oyunçumuz komandadan ayrıldı. Hamid və Seidi nəzərdə tuturam. Onlar ilk iki dövrədə bizə çox kömək etdilər. Amma fasilədə dəyişiklik edilməsinə ehtiyac yarandı. Yeni gələnlər də komandamıza kömək edəcək gücdədilər. Bir neçə oyundan sonra onların əsl gücünü görəcəksiniz.
 

- Görüşün taleyini həll edən qolu vurdunuz. Özünüzü qəhrəman hesab edirsinizmi?
- Biz komanda olaraq uğur qazandıq. Hər şeyi öz adıma çıxa bilmərəm. Qəhrəman yox, qələbədə payım oldu, daha doğru səslənər. Meydana da çıxanda məqsədimiz komandamıza kömək etməkdi.
 

- Bu qələbə ən yazın izləyici ilə xal fərqini artırsa da, lider “Araz”la fərq olduğu kimi qaldı. Necə düşünürsünüz, son çempionu qabaqlamaq mümkün olacaq?
- Niyə də olmasın? Onlarla öz aramızda 2 oyun keçirəcəyik. Digər komandalardan da “Araz”ı büdrədən olacaq. Futzalda bu cür fərqi aradan qaldırmaq mümkündü.
 

- Cari mövsümdə klublarımız iranlı futzalçıların xidmətindən çox istifadə edirlər. Bu axın nə ilə bağlıdı?
- İranda güclü futzalçılar var. Xüsusilə də, taktiki və texniki planda seçilən oyunçular çoxdu. Bura dəvət edilən oyunçular da istəyirlər ki, özlərini yaxşı tərəfdən göstərsinlər, faydalı olsunlar, mümkün qədər Avropa klublarına yollansınlar. İndi çempionat oyunları çox maraqlı və gərgin keçir. Nəticəni əvvəlcədən bilmək, söyləmək olmur.
 

- Yüksək Liqanın səviyyəsi haqda nə deyə bilərsiniz?
- Rəqabət var. Komandalar asan təslim olmur, hesab arasında bəzən fərq böyük olsa da, sona qədər mübarizə aparırlar.

0