[b]“Barselona”nın zəif nöqtələri topsuz qalanda üzə çıxır”[/b]
19.02.2018 - 17:36
[b]“Barselona”nın zəif nöqtələri topsuz qalanda üzə çıxır”[/b]

Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində “Çelsi” sabah “Barselona”nı qəbul edəcək. Apasport.az saytı xəbər verir ki, İngiltərə və İspaniya klublarının dueli maraqla gözlənilir.

 

Oyundan öncə hər iki komandanın üzvləri matçla bağlı fikirlər səsləndiriblər. Onların arasında “Çelsi” və “Barselona”nın sabiq üzvləri də var.

 

Antonio Konte (“Çelsi”nin baş məşqçisi): “Rəqib “Barselona”dısa, deməli, Avropanın ən güclü klublarından birindən bəhs edirik. Oyunu ideal keçirməli və 90 dəqiqə ərzində optimal qərarlar qəbul etməliyik. Çünki budəfəki rəqib tamam fərqlidi. “Barselona”nın oyunçuları topla möhtəşəm rəftar edirlər. Düzdü, onların da zəif nöqtələri var, amma bu, topsuz qaldıqları vaxt üzə çıxır. Bundan istifadə etməliyik. Rəqibə hörmətlə yanaşırıq və bu cür görüşün iştirakçısı olacağımız üçün şadıq. Hamı bilir ki, “Barselona” Çempionlar Liqasının favoritlərindən biridi. Lakin biz də güclü komandaya qarşı ciddi oyun sərgiləmək və səviyyəmizi göstərmək gücündəyik. Futbolçularım bu mövsüm üzərlərində çox çalışırlar. Bu, məni pozitiv düşünməyə vadar edir”.

 

Sesk Fabreqas (“Çelsi”nin ispan futbolçusu): “Həm mən, həm “Çelsi”, həm də İngiltərə futbolu üçün vacib oyundu. Avropanın ən yaxşılarından biri ilə qarşılaşmaq həmişə xoşdu. Futbolçular belə görüşlərdən əvvəl daha motivasiyalı olurlar. Ümid edirəm ki, yaxşı oyun göstərməklə, çətin missiyanın öhdəsindən gələ biləcəyik. Təbii ki, “Barselona” doğma şəhərimin komandasıdı. Ömürboyu bu kluba azarkeşlik etmişəm. Amma meydana ayaq qoydumsa, emosiyalarım kənarda qalır. “Arsenal”ın heyətində “Barselona”ya qarşı oynadığım vaxt da belə olmuşdu. Sabahkı görüşdə “Çelsi” üçün əlimdən gələni edəcəm. Ernesto Valverdenin gəlişindən sonra “Barsa” fərqli taktiki sxemdə oynayır. Əsasən də müdafiə olunanda 4-4-2-dən istifadə edirlər. Rəqib oyunçular həm müdafiədə, həm də hücumda bütün güclərini qoyurlar. “Barselona” yüksək səviyyədə pressinq həyata keçirir. Onlar topdan əl çəkmirlər. Bu isə o deməkdi ki, rəqibin pressinqi qarşısında aciz qalmamaq üçün ilk növbədə soyuqqanlı olmalıyıq. Bir də oyun ərzində səhvlərə yol verməsək, “Barselona”ya zərbə vura bilərik”.

 

Eden Azar (“Çelsi”nin belçikalı futbolçusu): “Barselona”ya qarşı heç vaxt oynamamışam. Odu ki, bu testdən keçməyi səbrsizliklə gözləyirəm. Oyuna 200 faizlik köklənmişik. “Barselona”ya qarşı mübarizə aparmaq asan deyil. Hər birimiz baş məşqçi Antonio Kontenin yanındayıq. Birlikdə qalib gəldiyimiz kimi, məğlubiyyətə də bir yerdə məruz qalırıq. Yenə bütün gücümüzü meydanda qoyacağıq. Çempionlar Liqası önəmli turnirdi və onun qalibi olmaq istəyirik”.

 

Serxio Buskets (“Barselona”nın yarımmüdafiəçisi): “Çelsi” ilə bu vaxta qədər çox oyunlar keçirmişik. Mən Didye Droqba, Frenk Lempard, Fernando Torres kimi möhtəşəm futbolçulara, onların heyətində yer aldığı “Çelsi”yə qarşı oynamışam. Bizi yenə gərgin matçlar gözləyir. Məqsədimiz “Çelsi” səddini keçib, ¼ finala adlamaqdı. Bunun çətin olduğunu bilirik. Amma qalibin “Barselona” olacağına inanıram”.

 

İvan Rakitiç (“Barselona”nın xorvatiyalı futbolçusu): “Oyunun ritmini əlimizdə saxlamalı, dominantlıq edən tərəf olmalıyıq. “Çelsi”nin heyətində La Liqaya yaxşı bələd olan, bizi əla tanıyan futbolçular var. Odu ki, “Barsa”nı çox ağır oyun gözləyir. Döyüşməli olacağıq. Bununla belə, “Çelsi” kimi komanda ilə qarşılaşmaq bizim üçün xoşdu. Bu oyundan həzz almalıyıq. Eyni zamanda, növbəti mərhələyə adlamaq lazımdı”.

 

Rivaldo (“Barselona”nın sabiq futbolçusu): “Barselona”ya çətin, çox çətin olacaq. Bununla belə, favoritin “Barsa” olduğunu düşünürəm. Növbəti mərhələyə sabiq komandamın adlayacağı qənaətindəyəm. Özüm də bu təcrübəni yaşadığımdan, İngiltərə klublarına qarşı oynamağın çətin olduğunu bilirəm. Çünki onlar fiziki cəhətdən çox güclüdülər və sizə oynamağa imkan vermirlər. Lakin “Barselona” oyun tərzi, topu özündə saxlaması ilə qələbə qazana bilər”.

 

Emmanuel Petit (“Çelsivə “Barselonanın keçmiş üzvü): “Çelsi” üçün əsas problem Lionel Messi olacaq. Odu ki, onlar meydanda komanda şəklində işləməlidilər. “Çelsi”nin oyunçuları rəqibə boş zona verməməlidilər. Messi məhz belə məqamları bağışlamır. Əsasən də, top rəqibdə olan diqqətli olmaq lazımdı”.

0