Almaniyalı Oliver Pilzer Azərbaycan milli komandasına baş məşqçi təyin olunacaq
29.05.2008 - 16:25
Almaniyalı Oliver Pilzer Azərbaycan milli komandasına baş məşqçi təyin olunacaq
Bakı. Aqşin Əliyev - APA-Sport. Azərbaycanın 15 yaşadək futbolçulardan ibarət yığmasına (U-15) yeni baş məşqçi təyin olunacaq. “APA-Sport” agentliyinin məlumatına görə, bundan sonra milli komandanı almaniyalı Oliver Pilzer çalışdıracaq. 39 yaşlı məşqçi indiyədək “Bavariya”da (U-14, U-15 və U-16), eləcə də bir sıra xarici ölkələrin komandalarında fəaliyyət göstərib. O.Pilzer bu ilin martında Bakının “İnter” klubunun yeniyetmə futbolçularına da bir müddət seminar keçib. İki gün öncə yenidən paytaxtımıza təşrif buyuran əcnəbiyə bu dəfə milli komandanın baş məşqçisi postu təklif olunub. AFFA rəsmiləri bu yaxınlarda O.Pilzerlə danışıqlar masası arxasına oturaraq, yekun qərar verəcəklər. U-15-in iyulda Avstriyada keçiriləcək beynəlxalq turnirə məhz almaniyalının rəhbərliyi altında çıxacağı gözlənilir. Ötən ilin dekabrınadək U-15-i Roman Cəfərov başçılıq edib. Onun müqaviləsinin müddəti qurtardıqdan sonra isə yeniyetmə futbolçulara məşqləri İslam Kərimov keçib.
Qeyd edək ki, O.Pilzer Azərbaycan yığmasına dəvət alan ilk almaniyalı məşqçi deyil. AFFA rəhbərliyi öncə onun həmyerliləri Bernard Lippertə U-17 və U-21, Berti Foqtsa isə əsas milli komandanı həvalə edib.
0