[b]“Neftçi”də yaradılan xaos [/b]
13.05.2018 - 00:00
[b]“Neftçi”də yaradılan xaos [/b]

Hər şey bir anda oldu. Orxan Hüseynzadənin istefası, Kamran Quliyevin təyinatı və ilk iddialı açıqlama:  
 

- Musayevin baş məşqçimizi “öz üsulları ilə” cəzalandıracağını deməsi, “Neftçi” kimi adlı-sanlı komandaya, baş məşqçi və futbolçularımıza oyunöncəsi psixoloji cəhətdən çox pis təsir edə bilər. İstənilən halda, ümidvaram ki, bu gün güclü olan qalib gələcək.
Bir məsələni də xüsusi vurğulayım ki, “Neftçi”yə kənardan heç kim nəinki baş məşqçi, heç sıravi işçi də təyin edə bilməz. Klubun öz rəhbərliyi var! “Neftçi”nin prezidenti olaraq, baş məşqçi və futbolçularımızın arxasındayam. Bu komandanın baş məşqçisinə heç kim nəinki cəza, heç tapşırıq da verə bilməz!
 

Deyilənə görə, Kamran bəyin bu açıqlamasından sonra PFL prezidenti Ramin Musayev ona zəng edərək, ürək sözlərini çatdırıb. Buna baxmayaraq, Musayev öz kadrı olan Tərlan Əhmədova son ana qədər dəstəyini verdi və verməkdədi.

 

Deyək ki, elə "Qarabağ" üzərindəki qələbə. Həmin 3 xal nə həmin oyundan 1 gün öncə futbolçuları axşam saat 8-də iclasa yığmaq istəyən Kamran Quliyevin, nə bu iclasın keçirilməsinə imkan verməyən Tərlan Əhmədovun, nə də Moskvada həvəskarlar arasında turnirdə futbolçu kimi iştirak edən Ceyhun Sultanovun xidmətidi.

 

Təsadüfi deyil ki, oyundan sonra paltardəyişmə otağına daxil olan Kamran bəyin sözlərinə futbolçular da əhəmiyyət verməyib. Bütün bunlar ondan xəbər verir ki, "Neftçi"də it yiyəsini tanımır. "Sumqayıt"dan böyük ümidlərlə gətirilən Quliyev ən uzağı elə əyalət təmsilçisi səviyyəsində prezident imiş. "Neftçi"yə isə xarizması, hörməti, nüfuzu olan rəhbər lazımdı. Quliyev həddən artıq yumşaq xasiyyətli, AFFA ilə münasibətləri çox yaxın olan və elə bu qurumun hətta sıravi işçiləri tərəfindən idarə olunan bir adam təsiri bağışlayır. Bu imiclə isə "Neftçi" kimi klubda çox qalmaq olmaz. 
 

Quliyevin komandadaxili atmosferi pozub, süni gərginlik yaratması Əhmədovu göndərmək üçündüsə, bu da istənilən klub prezidentinə heç yaraşmır. Tərlan bəyin uğur qazanmaması üçün baş məşqçinin xəbəri olmadan müqaviləsi bitən futbolçulara daha az maaşla yeni müqavilə təklif edilməsi, klubun idman direktorunun prezidentin tapşırığı ilə artıq yay transferlərini bitirməsi və istər yeni yerlilərin, istərsə də legionerlərin alınması haqda dolaşan xəbərlər, ən nəhayət, "Neftçi"nin feysbukdakı fan səhifəsində keçirilən sorğuda Quliyevin "Tərlan Əhmədov getsin" seçimini etməsi, bu prezidentin ölkənin ən köklü və titullu klubuna layiq olmadığını açıq şəkildə hamıya göstərdi.

 

Əhmədova qarşı pərdəarxası oyunların Quliyevin özünə bumeranq kimi çevrildiyini nəzərə alan çaşqın prezident indi saytlara ötürülən xəbərlərin mənbəsini axtarır. İndiyəcən unutduğu mətbuat və azarkeşlərə elçilər göndərib, onların dəstəyini almaq istəyir. Amma gecdi. Jurnalistlər də, azarkeşlər də Quliyevi tam kəşf ediblər. Xüsusən, azarkeşlər.

 

Həmin azarkeşlər ki, "Zirə" ilə səfər qələbəsindən sonra eyforiyaya qapılan Quliyevin jurnalistlərin "Neftçi"ni ağır durumdan nə çıxardı" sualının qarşılığında "Futbolçular, məşqçi heyəti, bütün sıravi işçilər, rəhbərlik, sponsorumuz. Bu "beşlik"!" cavabını heç vaxt unutmayacaq. Məhz bu azarkeşlər qarlı, yağışlı, çovğunlu, boranlı havalarda heç nəyə baxmadan öz sağlamlıqlarından və pullarından keçərək, "Neftçi"ni tribunadan dəstəkləyirdi.

 

Yeri gəlmişkən, jurnalistlər də Quliyevə kifayət qədər dəstək verdi. Amma o, nə jurnalistlərin, nə də azarkeşlərin qədrini vaxtında bildi. Bundan sonrası çox çətin olacaq. Qazanılan bürünc medalı da təbii ki, hərə öz adına çıxmağa çalışacaq. Amma görünən dağa nə bələdçi?

 

0