Faiq Qarayev: “Azərbaycan Voleybol Federasiyasının baza problemi həll olunmur”
22.07.2008 - 17:56
Faiq Qarayev: “Azərbaycan Voleybol Federasiyasının baza problemi həll olunmur”
“APA-Sport” agentliyinin məlumatına görə, tədbirdə çıxış edən AVF-nin vitse-prezidenti, “Azərreyl” klubunun və qadınlardan ibarət yığmamızın baş məşqçisi Faiq Qarayev indiyədək əldə olunan uğurlardan danışıb. F.Qarayev klub və yığma səviyyəsində bir sıra uğurlara imza atdıqlarını bildirib. Bununla yanaşı, təcrübəli mütəxəssis problemlərin də olduğunu vurğulayıb. Onun sözlərinə görə, artıq neçə ildir nəzərdə tutulan AVF-nin bazasının tikintisini həyata keçirmək hələ də mümkün olmayıb: “Bazada böyük voleybol və çimərlik voleybolu üçün meydançalar da olmalıdır. Bu məsələdə federasiyamızın prezidenti, nəqliyyat naziri Ziya Məmmədov, bazada həm də “Rabitəçi” klubu məşq edəcəyindən, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, millət vəkili Şəmsəddin Hacıyev də bizə dəstək verməyə hazırdırlar. Amma problem bazanın tikintisi üçün müvafiq yerin hələ də ayrılmaması ilə bağlıdır”. F.Qarayev voleybol komandalarımızın təlim-məşq toplantıları və oyunlarını keçirmək üçün müvafiq zal tapmaqda çətinlik çəkdiklərini bildirib. Təcrübəli mütəxəssis Quba Olimpiya Kompleksindən savayı, heç bir idman qurğusunda əlverişli şəraitin olmadığını vurğulayıb: “Hətta Beynəlxalq Voleybol Federasiyası (CEV) Bakı İdman Sarayının meydançasını qəbul etməyib. Əksər növlər üzrə yarışlar orada keçirildiyindən, döşəməsi sıradan çıxıb, zalda kondisioner olmadığından, normal temperaturda oyun keçirmək mümkün olmur. Maştağa Olimpiya Kompleksində kommunal problemlər var. Digər idman qurğularımızda isə voleybol oyunlarının keçirilməsi üçün döşəmə yoxdur. Bir aydan sonra dörd klubumuz Avropa miqyaslı yarışlara başlayacaq. Amma hələ onların rəqiblərini harada qəbul edəcəklərini bilmirik”. AVF rəsmisi “Azneft” voleybol klubuna “Neftçi” İdman Sağlamlıq Mərkəzi (İSM) tərəfindən sponsorluq edə bilmədiyini də açıqlayıb. Onun sözlərinə görə, səbəb “Azneft”in klub kimi təşkilati məsələlərini hələ də yoluna qoya bilməməsidir. F.Qarayev üzləşdikləri problemləri yoluna qoymaqda Ç.Hüseynzadədən kömək istəyib.
MOK rəsmisi isə AVF-nin problemlərindən xəbərdar olduqlarını bildirib. Onun sözlərinə görə, baza tikintisi hələ xeyli vaxt aparacaq. Bu səbəbdən, alternativ yollardan istifadə olunmalıdır: “İstər paytaxtda, istərsə də digər şəhər və rayonlarımızda Olimpiya Kompleksləri tikilib. Onların bir çoxu boş vəziyyətdə qalıb. Məsələn, Şamaxı, Lənkəran, Bərdə və Şəkidəki Olimpiya Komplekslərimizdə voleybol bölmələri və zalları fəaliyyət göstərir. Bir sıra ali məktəblərimizin, o cümlədən İnşaat və Memarlıq İnstitutu, Texniki Universitetin idman zallarında voleybolçularımızın məşq etməsi üçün şərait mövcuddur. Bu və digər idman qurğularında xırda çatışmazlıqları birgə aradan qaldırmaqla, təlim-məşq toplantıları və oyunlar keçirmək mümkündür. Əgər həmin qurğuların rəhbərliyi icazə verməsə, bizə müraciət edə bilərsiniz”. AVF-nin maliyyə problemindən də məlumatlı olduqlarını deyən Ç.Hüseynzadə imkanlı təşkilatların mədəniyyət və digər layihələrlə yanaşı, idmana da istənilən səviyyədə sponsorluq edə bilməməsinin hüquqi problemlərlə əlaqədar olduğunu açıqlayıb. Onun fikrincə, yeni qanun qəbul olunmadığından, iş adamları müxtəlif layihələrə necə pul xərcləməyin gərəkliyini bilmirlər. “Neftçi” İSM-i idman təşkilatlarından ən imkanlısı hesab edən MOK rəsmisi bir sıra aparıcı idman növləri və idmançıların bu klubun himayəsində olduqlarını söyləyib. Ç.Hüseynzadə “Azneft” klubu ilə “Neftçi” İSM arasındakı münasibətləri yoluna qoymaq üçün Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevlə danışıqlar aparacağını bildirib. Hazırda 2008-ci il Pekin Yay Olimpiya Oyunlarına diqqət yönəltdiklərini deyən MOK rəsmisi dördilliyin ən mötəbər yarışı başa çatdıqdan sonra AVF-nin problemlərinin həlli istiqamətində çalışacaqlarını vurğulayıb.
0