Teymur Rəcəbov: “Çempion olmaq üçün daha iki şansım var”
18.08.2008 - 12:45
Teymur Rəcəbov: “Çempion olmaq üçün daha iki şansım var”
Bakı. Kənan Həsənov - APA-Sport. “Qran-Pri turnirində ikinci deyil, birinci yeri tutmaq istəyirdim. Bunun üçün imkan da var idi. Həqiqətən bu yarışda pis oynamadım”. “APA-Sport” agentliyinin məlumatına görə, bu fikirləri Rusiyanın Soçi şəhərində keçirilən Qran-Pri turnirinin ikinci mərhələsindəki çıxışını dəyərləndirən Azərbaycan şahmatçısı Teymur Rəcəbov söyləyib. 21 yaşlı beynəlxalq qrossmeyster çempion ola bilməməsinin səbəbini iki oyunda uduzması ilə izah edib: “Mən digər yarış iştirakçıları ilə müqayisədə daha aqressiv və riskli oynadım. Bu səbəbdən 5 qələbə qazandım və iki görüşdə uduzdum. Halbuki bu məğlubiyyətlər olmaya bilərdi. Hər iki oyunda rahat heç-heçə edə bilərdim. Qələbə qazanmaq istəyi mənə güc gəldi və nəticədə məğlub oldum. Eybi yox, ikinci yer də pis nəticə deyil. Çempion olmaq üçün daha iki şansım var”. Qeyd edək ki, T. Rəcəbov adı çəkilən yarışda 8 xal toplayaraq mübarizəni ermənistanlı Levon Aronyandan (8,5 xal) sonra ikinci pillədə başa vurub.
0