“Natalyanın Azərbaycana getməsi, Ukrayna voleybolu qarşısında işlənmiş ən böyük cinayətdir”
04.11.2008 - 13:58
“Natalyanın Azərbaycana getməsi, Ukrayna voleybolu qarşısında işlənmiş ən böyük cinayətdir”
Bakı. Kənan Həsənov - APA-Sport. “1984-cü ildə anadan olan voleybolçular çox güclü idilər. Təəssüf ki, biz onların qədrini bilmədik. Bu, Ukrayna voleybolu qarşısında işlənmiş ən böyük cinayətdir”. “APA-Sport”un məlumatına görə, bu sözləri Ukraynanın voleybol üzrə gənc qızlardan ibarət yığmasının baş məşqçisi Vladimir Buzayev söyləyib.

Ukraynanın ən titullu mütəxəssisi olan Buzayev hazırda Azərbaycan yığmasının şərəfini qoruyan Natalya Məmmədovanı da yada salıb: “Natalya Skazka Azərbaycan yığmasının əsas oyunçusudur. Rusiya və Qazaxıstanı seçən yetirmələrimiz də var. Bu voleybolçular istənilən güclü komandanı bəzəməyə qadirdirlər”.

Buzayevin fikrincə, istedadlı ukraynalı voleybolçuların xarici ölkələr getməsinin qarşısını almaq olduqca çətindir: “Buna görə Voleybol Federasiyası və İdman Nazirliyi məsuliyyət daşıyır. Faciə bundadır ki, biz özümüzə deyil, başqa ölkələr üçün istedadlar ixrac edirik. Ukrayna voleybolundakı xaos getdikcə dərinləşir. Cavabdeh şəxslər isə iş görmür”.

Qeyd edək ki, Natalya Məmmədova 2004-cü ildən Azərbaycan yığmasının şərəfini qoruyur. Bir müddət Skazka soyadı ilə oynayan 24 yaşlı voleybolçu daha sonra Məmmədova soyadını götürüb.
0