Məmməd Eyvazov: “Mənim sadəcə, ürəyim ağrıyır”
11.11.2008 - 13:25
Məmməd Eyvazov: “Mənim sadəcə, ürəyim ağrıyır”
Bakı. Kənan Həsənov - APA-Sport. “Avropa çempionatını izləyirəm. Başqa cür ola da bilməz. Axı orada döyüşənlər mənim tələbələrim olublar”. Bu fikirləri “APA-Sport”a Azərbaycan boks yığmasının sabiq baş məşqçisi Məmməd Eyvazov bildirib.

İstefaya göndərildiyi gündən istirahət etdiyini deyən təcrübəli mütəxəssis İngiltərənin Liverpul şəhərində keçirilən Avropa çempionatında qeydə alınan nəticələrə şərh verməyib: “Mənim sadəcə, ürəyim ağrıyır. Başqa heç nə deməyəcəyəm. Qarışmaq istəmirəm. Məsləhət bilib çağırsalar, sözümü deyərəm”.

Eyvazov Azərbaycanda idman klubları və ya cəmiyyətlərində işləmək fikrində olmadığını da qeyd edib: “Mən bir məşqçi kimi karyeramın zirvəsinə çatmışam. Uzun illər Azərbaycan yığmasını uğurla çalışdırmışam. Klublardan təklif almışdım. Sadəcə, özüm bir neçə pillə aşağıda işləmək istəmədim”.


0