Yığmamızın lideri dünya çempionatına getmir
21.11.2008 - 17:58
Yığmamızın lideri dünya çempionatına getmir
Azərbaycanın qadınlardan ibarət həndbol yığması noyabrın 25-də Çernoqoriyada start götürəcək dünya çempionatının seçmə mərhələsində optimal heyətlə çıxış edə bilməyəcək. Apasport.az saytının məlumatına görə, buna komandamızın liderlərindən birinin sıradan çıxması səbəb olub.

Rusiyanın “Astraxanoçka” klubunda legioner həyatı yaşayan Yekaterina Ruzayeva əlindən ciddi zədə alıb. Bu səbəbdən o, olimpiya çempionu Rəfiqə Şabanovanın başçılıq etdiyi yığmanın düşərgəsinə qatıla bilməyib.

Milli komandamız Çernoqoriyaya noyabrın 23-də yola düşəcək. II qrupda yer alan yığmamıza İtaliya, Çernoqoriya, Sloveniya, Bolqarıstan və Finlandiya rəqib olacaq. Həndbolçularımız yalnız 1-ci yeri tutacaqları təqdirdə, pley-offda mübarizə aparmaq hüququ əldə edəcəklər.

Qeyd edək ki, dünya çempionatının final mərhələsi 2009-cu il noyabrın 29-dan dekabrın 13-dək Çində təşkil olunacaq.
0