Mircavadov “Xəzər-Lənkəran”a qayıdacağını istisna etmir
26.11.2008 - 13:06
Mircavadov “Xəzər-Lənkəran”a qayıdacağını istisna etmir
“Xəzər-Lənkəran” klubunun sabiq baş məşqçisi Ağasəlim Mircavadovun apasport.az saytına müsahibəsi

- “Xəzər-Lənkəran”ın sabiq baş məşqçisi kimi, komandada növbəti istefa barədə fikirlərinizi bilmək maraqlı olardı. Sizi əvəzləyən türkiyəli Rasim Karanın gedişini necə qarşıladınız?
- Açığı, son günlər başım çox qarışıqdır. Şəxsi işlərimlə bağlı burda deyildim. Mobil telefonumu da evdə qoymuşdum. Karanın istefasından sonra mətbuata fikir bildirməmişəm. Komandada baş verənlərlə ciddi maraqlanmamışam.

- Amma Kara müsahibəsində deyib ki, komandanı götürəndə pis vəziyyətdə idi...
- Bu, psixoloji durumla bağlı ola bilər. Çünki UEFA kubokunda Polşanın “Lex” klubuna məğlubiyyətdən sonra komandada psixoloji durum ağır idi. Ancaq digər planda hər şey qaydasında idi. Heyətin çoxu həmin futbolçulardır. İndiki komandada üç futbolçu – türkiyəlilər Devran Ayhanla Göksəl Akıncı və bolqar hücumçu İvan Svetkov mənə tanış deyil. Çünki bu futbolçular mən gedəndən sonra “Xəzər-Lənkəran”a transfer olunub.

- Kara azarkeşlərin istefa şüarına görə getdiyini vurğulayıb. “Xəzər-Lənkəran”ın fanatlarını komandanın oyunu narazı salır. Onlar Karanın dövründə baxımlı futbol oynamamağa, daha çox müdafiə taktikası seçildiyinə görə gileylidirlər...
- Bilirsiniz, bu, futboldur, komanda uda da bilər, uduza da. Əsas oyundur. Oyun olan yerdə xal da olacaq, nəticə də.

- Sizdən sonra “Xəzər-Lənkəran”ın oyununda hansı dəyişikləri qeyd edə bilərsinizmi?
- Düzü, keçmiş komandamın yalnız bir oyununu tam izləmişəm. Bu da “Neftçi”ni Lənkəranda 2:0 hesabı ilə məğlub etdikləri görüşdür. Bir oyunla nə fikir yürüdəsən?

- Hər halda...
- Komandada əsas dəyişikliklər taktikanın düzgün qurulması ilə bağlı olmalıdır. Taktika komandanın oyununda öz bəhrəsini verəcək. Bu zaman hücum futbolu, baxımlı oyun da olacaq. Azarkeşlər da ilk növbədə bunu istəyir. “Xəzər-Lənkəran”da işlədiyimiz iki ildə böyük işlər görüldü. Komanda tarixində ilk çempionluğunu qazandı, ardıcıl iki mövsümdür ölkə kubokunun sahibidir. Amma “Xəzər-Lənkəran”da görüləsi işlər qalıb.

- Bəlkə elə yenidən komandanın sükanı arxasına keçərək, qalan işləri görəsiniz...
- Məşqçi bilmir ki, sabah nə olacaq, harada çalışacaq. Belə bir deyim var ki, məşqçinin əlində bir çemodan olur və yır-yığış edib, harasa gedə bilər. Hər şey mümkündür.

- Karanın istefasından sonra “Xəzər-Lənkəran”dan dəvət almısınızmı? Heç olmasa, sizinlə telefon əlaqəsi yaradan olub?
- Yox.

- Olsa, təklifi qəbul etməyə hazırsınızmı?
- Bununla maraqlanmıram. Əsas inamdır. İnam olan yerdə, hər şey yaxşı olacaq. Məşqçi deyə bilməz ki, bir komandada 10 il işləyəcəyəm. Biz heç SSRİ dövründə bunu deyə bilmirdik.
- Hər halda, qış fasiləsi yaxınlaşır və sizin kimi mütəxəssisin işsiz qalması düzgün olmazdı...
- İnşallah, bir təklif alıb, onu dəyərləndirərik. Hələlik isə real bir variant yoxdur.

- Kara siz “Xəzər-Lənkəran”dan gedəndən sonra “Qarabağ”ı tərk edib, postunuza sahib çıxdı. Hesab etmirsiniz ki, ortada halallıq olmayanda uğursuzluq yaşanır?
- Mən Kara haqda pis fikir söyləmərəm. Çünki həmkarımdır. Məşqçi haqda pis danışmamalıdır. Belə edənləri də qınayıram. Həmkarın həmkarının arxasınca danışması düzgün deyil. Bu, tək məşqçilikdə, futbolda yox, bütün sahələrdə belə olmalıdır.

- Sizcə, Donetskin “Şaxtyor” klubunu çalışdıran Luçeskunu Türkiyə variantları olduğu halda, Azərbaycana gəlməyə razılıq verməsi nə dərəcədə realdır? Bu, daha çox reklam xarakteri daşımır ki?
- “Xəzər-Lənkəran” şəraitinə, maliyyə durumuna görə seçilən klublardandır. Bizim vaxtımızda da Mübariz Mənsimov başda olmaqla, rəhbərlik komandaya lazımı qayğı göstərirdi. Onlar yüksək səviyyəli futbolçuların dəvət olunmasını istəyib və buna çalışıblar. Ancaq futbolumuzdakı reallıqların öz sözünü dediyi vaxtlar olub. “Xəzər-Lənkəran”ın rəhbərliyi gördükləri işləri reklam xatirinə etməyiblər. Bu kluba reklam lazım deyil.
0