Cəfər İrismetov: Mən “Neftçi”yə baxışa gəlməmişəm
27.11.2008 - 17:24
Cəfər İrismetov: Mən “Neftçi”yə baxışa gəlməmişəm
“Neftçi” klubunun maraq dairəsində olan Moskva “Spartak”ının və Özbəkistan yığmasının sabiq hücumçusu Cəfər İrismetovun apasport.az saytına eksklüziv müsahibəsi

- Az öncə “Neftçi” klubunun düşərgəsində yer alsanız da, tezliklə geri qayıtdınız...
- Mən Bakıya baxışa yox, klubla müqavilənin şərtlərini müzakirə etməyə gəlmişdim. Rəhbərliklə görüşdük, danışıqlar apardıq.

- Nəticəsi necə oldu?
- “Neftçi” klubuna keçidimin baş tutmadığını indidən demək olmaz. Bunu gələcək göstərəcək. Komandanıza keçidimlə bağlı məsələyə yanvarda aydınlıq gələcək. Hazırda çıxış etdiyim Qazaxıstanın “Almatı” klubu ilə dekabrın sonunadək müqaviləm var. Belə olan halda, indidən “Neftçi” ilə müqavilə bağlaya bilmirəm. Məhz bu səbəbdən Bakıya danışıqlara gəldim və geri qayıtdım.

- Danışıqların nəticəsini uğurlu saymaq olarmı? Maliyyə məsələlərində razılığa gələ bildinizmi?
- Maddi baxımdan şərtlər prinsipcə normal idi. Hər şey yanvarda bilinəcək. İndidən dəqiq bir şey deyə bilmərəm. Bakıya səfərim qısa müddətli xarakter daşıdı.

- Bəs Azərbaycana gəlmək variantı haradan ortaya çıxdı?
- Agentlər təklif etdi. Gəldim, vəziyyətlə tanış oldum.

- Təəssüratlarınız necədir?
- Gördüklərim xoşuma gəldi. Hər şey qaydasındadır.

- Başqa variantlarınız var?
- Var. Qazaxıstanda qalıb, çıxışımı davam etməyim mümkündür. İki klub var ki, rahat ora keçə bilərəm. Özbəkistana da qayıtmaq variantı var. Amma hələlik son sözümü deməmişəm.

- “Neftçi” variantı ortaya çıxanda əsas diqqətinizi cəlb edən nə idi?
- “Neftçi” böyük klubdur. Özümü belə güclü komandada sınamaq istərdim. Tanışlarım bu klub haqda mənə yalnız xoş sözlər deyib.

- “Neftçi” klubunun almaniyalı baş məşqçisi Hans-Yurgen Gede Özbəkistan yığmasında da çalışıb. Bu amil gəlişinizdə nə dərəcədə rol oynadı?
- Bunun da haradasa təsiri oldu. Onu Özbəkistanda işlədiyim dövrdən tanıyıram. Düzdür, rəhbərliyi altında çıxış etməsəm də, hər halda, yığmadakı komanda yoldaşlarım onun haqqında yaxşı fikirdə idilər. Gede ən güclü mütəxəssislərdən biridir.

- İndiyədək Azərbaycanda həmyerlilərinizdən yalnız qapıçı Oleq Belyakov çıxış edib. Ölkəmizə gəlmək variantı ortaya çıxarkən, onunla və ya başqası ilə məsləhətləşdinizmi?
- Yox, Belyakovu çoxdandır görmürəm. Azərbaycan futbolu haqda kifayət qədər məlumatım var idi. Düzünə qalsa, Özbəkistanda Azərbaycan televiziyası ilə komandalarınızın oyununa baxmışdım. Sadəcə, gəlib gördüklərimə əmin olmaq istəyirdim.

- “Neftçi”nin məşqləri haqda təəssüratlarınız necədir?
- Məşqləri bəyəndim. Futbolçulardan bolqar yarımmüdafiəçi Março Davçev xoşuma gəldi. Mən “Neftçi”də olduğum vaxtda futbolçuların çoxu yığmada idi. Milli komandanızdakı oyunçularla birgə olmadığım üçün onlar haqda fikir yürüdə bilmərəm. Gedenin məşqləri mənim üçün maraqlı idi. Onun rəhbərliyi altında çalışmaq da maraqlı olardı.

- “Neftçi” tarixində ən zəif mövsümünü keçirir. Turnir cədvəlinin aşağı pilləsində qərarlaşan komandada oynamaq seçiminə təsir göstərə bilərmi?
- Komandanın turnir cədvəlindəki vəziyyətindən xəbərdaram. Buna heyətin gəncləşməsinin təsiri ola bilər. Hər halda, gələcəkdə hər şey qaydasına düşəcək və gəncləşmənin bəhrəsini görmək mümkün olacaq. “Neftçi”də perspektivli futbolçuların olduğunu gördüm. Azərbaycanda yaxşı futbolçular çıxış edir. Ölkənizdə gəlişimdə buna əmin oldum. Artıq yüksək səviyyəli, təcrübəli mütəxəssislər də Azərbaycana gəlir. İndi əsas məsələ nəticənin olmasıdır. Hesab edirəm ki, “Neftçi” ikinci dövrədə daha yaxşı çıxış edəcək və gənc, perspektivli futbolçular vəziyyəti qaydasına salacaq. Bununla da, tədricən öz layiqli yerini tutacaq.

- Hazırda fiziki-funksional formanızı qənaətbəxş sayırsınızmı? Yəni, 32 yaşlı İrismetov “Neftçi”yə belə çətin vaxtda kömək edə biləcəkmi?
- Fikrimcə, kömək edə bilərəm. Özümdə güc, enerji hiss edirəm. Bu, hələ xeyli müddət mənə yetərli olacaq. Hesab edirəm ki, Azərbaycan çempionatında öz gücümü yoxlamaq maraqlı olardı. Açığı, bunun reallaşıb-reallaşmayacağını indidən deyə bilmərəm. Çünki danışıqlara gəlmişdim, mənə heç kim baxmamışdı.

- Müqavilənin müddətini müzakirə etdinizmi?
- Yox. Gəlib tibbi müayinədən keçdim. Yanvarda bir daha danışacağıq.

- Heç olmasa, ilkin razılıq əldə olundumu?
- Bunu daha çox tanışlıq daşıyan görüş kimi qələmə vermək olar. Müqavilə haqda danışmaq tezdir. Hər halda, “Neftçi” də real variantlardan biridir.

- Hazırkı klubunu nəyə görə tərk etmək istəyirsiniz?
- Artıq beş ildir Qazaxıstandayam. “Almatı”dan normal təklif almışam. Sadəcə, ab-havanı dəyişmək, özümü yeni çempionatda sınamaq istərdim. Bu mənada “Neftçi”, ölkə çempionatınız maraqlarıma uyğun gəlir. Azərbaycan çempionatı haqda çox şey eşitmişəm. Deyilənə görə, maraqlı mübarizə gedir. Bu, həvəsimi artırıb və özümü çempionatınızda göstərmək arzusundayam.

- Maraq yaradan əsas səbəblərdən biri kimi, maddi amili qeyd etmək olarmı? Necə hesab edirsiniz, Qazaxıstanla müqayisədə Azərbaycanda çıxış etmək futbolçu üçün daha sərfəlidir?
- Belə deməzdim. Maddi amillər əsas deyil. Bu baxımdan elə Qazaxıstanda da oynamaq sərfəlidir. Mən heç vaxt ilk növbədə maliyyə şərtlərinə önəm verməmişəm. İndiyədək Azərbaycana qarşı oynasam da, bura gəlməmişdim. İlk dəfə Azərbaycanda oldum. Bakı, insanlarınızla tanış olmaq, niyyətlərini öyrənmək istəyirdim. Paytaxtınız çox xoşuma gəldi. Bakı çox gözəl şəhərdir. Komandanızda məni yaxşı qəbul etdilər. “Neftçi”nin rəhbərliyi, futbolçular yaxşı insanlardır. Mən də komandaya öz köməyimi göstərmək istərdim. Baxaq görək necə olacaq.
0