Zlatan İbrahimoviçin həmyerlisi “Neftçi”də
02.12.2008 - 12:25
Zlatan İbrahimoviçin həmyerlisi “Neftçi”də
“Neftçi” klubu baxışa daha bir hücumçu çağırıb. Apasport.az saytının məlumatına görə, isveçli futbolçu Admir Çatoviç bu gündən komandanın məşqlərinə qatılıb. O, İsveç vətəndaşı olsa da, Milan “İnter”ində oynayan məşhur həmyerlisi Zlatan İbrahimoviç kimi əslən bosniyalıdır.

Son vaxtlar İsveç çempionatının birinci liqasında çıxış edən Çatoviç “Vasbi Yunayted”in uğurları üçün çalışıb. 1,77 metr boya, 71 kiloqram çəkiyə malik hücumçu İsveçin ən məşhur klublarından biri AİK-in də şərəfini qoruyub. Admir 1999-ci ildən 2005-ci ilədək ölkə çempionu olan AİK-də oynayıb. Azərbaycanda indiyədək isveçli futbolçunun çıxış etmədiyini nəzərə alsaq, Çatoviç bu mənada “qaranquş” rolunu oynaya bilər.

Qeyd edək ki, “Neftçi”nin məşqçiləri hazırda polşalı qapıçı və irlandiyalı hücumçunu da sınayırlar.
0