“Xəzər-Lənkəran”ın rəisinə ağır cəza: 4+4000
02.12.2008 - 12:56
“Xəzər-Lənkəran”ın rəisinə ağır cəza: 4+4000
Bu gün AFFA-nın Nizam-İntizam Komitəsinin (NİK) növbəti iclası keçirilib. Assosiasiyanın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, toplantıda Premyer Liqa ilə yanaşı, əvəzedici komandalar, birinci divizion və həvəskar komandaların oyunlarında baş verən neqativ hallara hüquqi qiymət verilib.

“Xəzər-Lənkəran” komandasının rəisi Səməd Mustafayev “Simurq”la səfər matçının birinci hissəsi başa çatdıqdan sonra hakimlər briqadasını təhqir etdiyi üçün 4 oyunluq diskvalifikasiya edilib, klub isə 4000 manat cərimələnib. “Qarabağ” və “Turan”ın 4 futbolçusu sarı vərəqə aldığından, hər komanda 1000 manat cərimə ödəməli olacaq. Ancaq Tovuz təmsilçisinin cəzası bununla bitmir. “Qəbələ” ilə ev oyununun 41-ci dəqiqəsində meydana kənar əşya - plastik qab atıldığı üçün “Turan” əlavə 2000 manat da ziyana düşüb.

Premyer Liqa klubları ilə müqayisədə əvəzedici komandaların yarışında 4 sarı vərəqə alan komandalar yarıbayarı cərimələnirlər. “Standard” rəhbərliyi məhz buna görə AFFA-nın büdcəsinə 500 manat ödəyəcək.

17 yaşlılardan ibarət komandalar arasında Azərbaycan birinciliyinin I turunun təxirə salınmış MOİK - “İnter” matçında ev sahibləri qarşılaşmanın təyin olunmuş vaxtda keçirilməsi üçün meydança tapa bilməyiblər. Nəticədə MOİK-ə 0:3 hesablı texniki məğlubiyyət verilib.

NİK-in bugünkü iclasında ümumilikdə 12220 manatlıq cərimə kəsilib.
0