Azərbaycan çempionu ol, 3000 manat qazan
17.12.2008 - 15:38
Azərbaycan çempionu ol, 3000 manat qazan
Sabah güləş üzrə növbəti Azərbaycan çempionatı start götürəcək. Apasport.az saytının məlumatına görə, Bakı İdman Sarayında təşkil ediləcək yarışa 200-dək pəhləvan qatılacaq.

Təqvimə əsasən, dekabrın 18-19-da yunan-Roma güləşçiləri qüvvələrini sınayacaqlar. Bu həftənin şənbə və bazar günləri isə sərbəst üsulla güləşənlər xalça üzərinə çıxacaqlar. Görüşlər hər gün səhər saat 9-da başlanacaq. Çempionatın rəsmi açılış mərasimi sabah saat 18:00-da keçiriləcək.

Azərbaycan Güləş Federasiyasının rəhbərliyi fəxri kürsünün ilk 3 pilləsində qərarlaşacaq idmançılar üçün pul mükafatları da ayırıb. Belə ki, ölkə çempionu tituluna yiyələnəcək pəhləvan 3000 manat, onun məşqçisi isə 1000 manat qazanacaq. İkinci yerin sahibinə 2000, üçüncü sıraya sahib çıxacaq güləşçiyə isə 1000 manat təqdim olunacaq.

Qeyd edək ki, çempionatda yığmamızın bir sıra aparıcı üzvləri – Rövşən Bayramov, Vitali Rəhimov, Fərid Mansurov, Namiq Abdullayev iştirak etməyəcəklər.
0