Azərbaycanın ən gözəl voleybolçusu xəstəxanaya yerləşdirildi
19.12.2008 - 11:55
Azərbaycanın ən gözəl voleybolçusu xəstəxanaya yerləşdirildi
Azərbaycanın voleybol yığmasının və “Fənərbaxça Acibadem” klubunun üzvü Valeriya Korotenko İstanbulda xəstəxanaya yerləşdirilib. Apasport.az saytının məlumatına görə, buna 24 yaşlı həmyerlimizin Belarusun “Baranoviçi” komandası ilə oyunda aldığı xəsarət səbəb olub.

Korotenko Avropa Voleybol Konfederasiyasının (CEV) kubokunun 1/8 final mərhələsinin cavab matçında sıradan çıxıb. Necla ilə əvəzlənən voleybolçumuz dərhal da xəstəxanaya yerləşdirilib. Milli komandamızın ən cəlbedici üzvünün zədəsi haqda əlavə məlumat verilməyib.

Məsələ ilə bağlı Apaspor.az saytına açıqlama verən Azərbaycan Voleybol Federasiyasının (AVF) mətbuat katibi Zöhrab Gözəlbəyli Korotenkonun ciddi zədəsinin olmadığını bildirib. AVF rəsmisi təmsilçimizin bel nahiyəsində ağrılar olduğunu, bu problemin də yaxın günlərdə aradan qaldırılacağını deyib. Gözəlbəyli Korotenkonun növbəti həftədən etibarən məşqlərə başlayacağını da sözlərinə əlavə edib. AVF rəsmisi Türkiyənin digər təmsilçisi “Türk Telekom”da çıxış edən Natalya Məmmədovanın ayağında kiçik zədəsinin olduğunu da deyib. O, milli komandamızın 24 yaşlı liderinin durumunun həkim müayinəsindən sonra dəqiqləşəcəyini vurğulayıb.
0