Azad Rəhimov: Bizə ayrılan pulu xərcləyib qurtara bilmirdik
23.12.2008 - 18:30
Azad Rəhimov: Bizə ayrılan pulu xərcləyib qurtara bilmirdik
“Olimpiya mövsümünü böyük uğurlarla başa vurduq. Qazanılan nəticələr bunu deməyə əsas verir. Büdcəmiz kifayət qədər idi, xərcləyib qurtara bilmirdik. İlk dəfə qeyri-olimpiya idman növləri üzrə federasiyalara 20 min manat köməklik göstərdik”. Apasport.az saytının məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov bu gün mətbuat konfransında söyləyib.

2008-ci ilin yekunlarını şərh edən Rəhimov növbəti mövsümdə də ciddi planlarının olduğunu bildirib: “Növbəti ildə paralimpiya və uşaq idmanı ilə bağlı qanunların qəbuluna çalışacağıq. Bölgələrdə idman obyektlərinin tikintisi davam etdiriləcək. Üzgüçülük, cüdo, karate və gimnastika üzrə komplekslərin, eləcə də Olimpiya muzeyinin inşası da nəzərdə tutulub”.

Nazir ölkəmizin Yay Olimpiya Oyunlarının təşkilatçılığından imtina etməyəcəklərini də qeyd edib. Onun fikrincə, Bakı bu nüfuzlu yarışı qəbul etməyə 2015-ci ildə tam hazır olacaq: “2020-ci il olimpiadasının təşkilatçılıq hüququnu əldə etməyə çalışacağıq. Sadəcə, hazırda ölkəmizdə idman obyektlərinin sayı yetərincə deyil. 2015-ci ildə isə bu problem böyük ölçüdə həllini tapacaq”.

Rəhimov federasiyalar və milli komandalar haqda da maraqlı fikirlər səsləndirib: “Biz hər bir federasiya ilə sıx işləyirik. Yeni ildə bəzi qurumların prezidentlərinin dəyişdirilməsi nəzərdə tutulub. Baş məşqçilərlə bağlı məsələləri də gündəmdə saxlayırıq. Fikrimcə, boks yığmamızda yeni “qan”a ehtiyac var. Nəriman Abdullayev yaxşı məşqçidir, onun işindən narazılığım yoxdur. Biz sadəcə, tələsirik. Həmən nəticə istəyirik. Götürək futbolumuzu, bu sahə 14 il durğunluq vəziyyətində oldu. İndi Berti Foqtsdan komandanı dünya çempionatının final mərhələsinə çıxartmağı tələb edirik. Axı, bir il ərzində nə etmək olar? Ağır atletikada da eyni vəziyyətdir. Nəyə görə, Bolqarıstandan və ya başqa ölkədən mütəxəssis gəlib milli komandada işləməsin? Bununla bağlı federasiyanın vitse-prezidenti İsmayıl İsmayılov, baş məşqçi Vahid Nəzərovla söhbətim olub. Bizimkilər əcnəbi mütəxəssisdən çox şey öyrənə bilərlər. Bu məsələlərə mütləq baxılacaq. Azərbaycan idmanına tanınmış əcnəbi mütəxəssislər lazımdır”.

Çıxışının sonunda idman ictimaiyyətini və jurnalistləri qarşıdan gələn bayramlar münasibəti ilə təbrik edən nazir mətbuatdan bir məsələdə zaraftyana kömək də istəyib: “Bəzən idmançılar qızılın parıltısından çaşırlar. Onları düzgün yola siz gətirməlisiniz”.
0